Tələsik imzalanan kredit müqaviləsinin yaratdığı risk - Açıqlama

Tələsik imzalanan kredit müqaviləsinin yaratdığı risk - Açıqlama
SOSİAL
00:23 22.08.2026
272
Kredit götürərkən vətəndaşların diqqət etməli olduğu əsas məsələlərdən biri borcun ümumi məbləğinin və əlavə ödənişlərin əvvəlcədən düzgün hesablanmasıdır. Bəzən kreditin faiz dərəcəsi aşağı görünsə də, komissiya, sığorta və digər ödənişlər səbəbindən borcalanın ödədiyi yekun məbləğ gözlədiyindən yüksək ola bilər.

Kredit götürərkən vətəndaşlar hansı məqamlara diqqət etməlidirlər ki, sonradan gözlənilməz əlavə ödənişlərlə və borcun artması ilə üzləşməsinlər?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, vətəndaş kredit götürərkən ilk növbədə kredit müqaviləsini diqqətlə oxumalı və bütün şərtlərlə tanış olmalıdır:

"Əsas diqqət yetirilməli məsələlərdən biri faiz dərəcəsidir. Vətəndaş yalnız reklamda və ya ilkin danışıq zamanı deyilən faiz göstəricisinə əsaslanmamalı, müqavilədə əks olunan real faiz dərəcəsini dəqiqləşdirməlidir. Bununla yanaşı, faiz dərəcəsindən əlavə tətbiq olunan komissiya və digər ödənişlərə də diqqət yetirmək vacibdir. Xüsusilə kreditin rəsmiləşdirilməsi, xidmət göstərilməsi və ya digər əməliyyatlarla bağlı komissiyanın olub-olmaması və onun hansı məbləğdə tutulduğu əvvəlcədən bilinməlidir”.

Onun sözlərinə görə, çünki kreditin vətəndaşa başa gələn ümumi məbləğini yalnız faiz müəyyən etmir:

"Komissiyalar və müqavilədə nəzərdə tutulan digər ödənişlər də yekun borc yükünə təsir göstərə bilər. Buna görə vətəndaş müqaviləni imzalamazdan əvvəl kredit üzrə ümumilikdə nə qədər vəsait ödəyəcəyini hesablamalı və mümkün qədər bütün xərcləri əvvəlcədən aydınlaşdırmalıdır.

Ən əsası isə vətəndaş anlamadığı hər hansı bənd olduqda müqaviləni tələsik imzalamamalı, həmin şərtin izahını tələb etməlidir. Bu, sonradan əlavə ödənişlər və ya gözlənilməz öhdəliklərlə bağlı yarana biləcək problemlərin qarşısının alınmasına kömək edə bilər”.

Hüquqşünas əlavə edib ki, vətəndaş anlamadığı hər hansı bənd olduqda müqaviləni tələsik imzalamamalı, həmin şərtin izahını tələb etməlidir. Bu, sonradan əlavə ödənişlər və ya gözlənilməz öhdəliklərlə bağlı yarana biləcək problemlərin qarşısının alınmasına kömək edə bilər.

Qısası, kredit rəsmiləşdirilərkən yalnız illik faizə deyil, komissiya, sığorta və bütün əlavə xərclər daxil olmaqla yekun borc məbləğinə diqqət yetirilməlidir.
OXŞAR XƏBƏRLƏR