“Tusi” Xeyriyyə Cəmiyyəti İlham Əliyevə müraciət ünvanladı

“Tusi” Xeyriyyə Cəmiyyəti İlham Əliyevə müraciət ünvanladı
SİYASƏT
22:10 25.08.2026
164
"Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ilə Naxçıvan Muxtar Respublikasına birgə səfəriniz Ordubad ictimaiyyətinin həmrəyliyini və milli birlik ruhunu özündə birləşdirən "Tusi” Xeyriyyə Cəmiyyətinin üzvləri tərəfindən böyük rəğbətlə və məmnunluqla qarşılanmışdır.

Bu mühüm səfər Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələnin başlanğıcını şərtləndirən əlamətdar hadisə kimi xüsusi mahiyyət daşıyır. Səfər çərçivəsində həlli qarşıya qoyulan məsələlər və irəli sürülən təşəbbüslər Naxçıvanın hərtərəfli inkişafına, regionun potensialından səmərəli istifadəyə və əhalinin sosial rifahının daha da yüksəldilməsinə yönəlmiş dövlət siyasətinin ardıcıl xarakterini bir daha nümayiş etdirmişdir.

Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanın incisi” adlandırdığı, Zəngəzur qapısı sayılan qədim və zəngin Ordubadın da daxil olduğu Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair imzaladığınız Sərəncama görə Sizə dərin təşəkkürümüzü bildiririk.

İnanırıq ki, Sərəncamda müəyyənləşdirilmiş tədbirlər Naxçıvan Muxtar Respublikasının, o cümlədən Ordubad rayonunun müasir inkişaf imkanlarının formalaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir.

Xüsusilə qeyd etmək istərdik ki, Naxçıvanın gələcək inkişafında dəyişiklik və yeniliklərin ardıcıl şəkildə tətbiqi, sosial-iqtisadi proseslərin müasir tələblərə uyğunlaşdırılması və inkişafın təkamül yolu ilə davam etdirilməsi regionun uzunmüddətli tərəqqisi baxımından həyati vacib əhəmiyyətə malikdir.

Bu baxımdan reallaşdırılan məqsədyönlü dövlət siyasəti Naxçıvan diyarının mövcud üstünlüklərinin müasir inkişaf imkanları ilə vəhdət təşkil etməsinə əlverişli şərait yaradır.

Hörmətli cənab Prezident!

Ordubad ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikasına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz yorulmaz fəaliyyətinizdə möhkəm cansağlığı və davamlı uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

"Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti adından:

Yəhya Babanlı”.
OXŞAR XƏBƏRLƏR