Ukraynanın taleyini onun iştirakı olmadan həll etmək mümkün deyil, çünki bu cür danışıqlar nəticəsizdir və əvvəlcədən uğursuzluğa məhkumdur. Dövlətin suverenliyi və ərazi bütövlüyü onun iştirakı olmadan müzakirə edilə bilməz.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "CNN Türk"ə müsahibəsində deyib.
"Bu, mümkün deyil. Ukraynanın taleyini onun iştirakı olmadan həll edə bilməzsiniz. Bu, ədalətsizlik olar və heç bir nəticə verməz. Ölkənin özünün iştirakı olmadan onun taleyi ilə bağlı danışıqlar aparmaq məntiqə uyğun deyil. Bənzər cəhdlər əvvəllər də digər liderlər tərəfindən edilib, lakin heç bir nəticə verməyib",- o bildirib.
Zelenski xatırladıb ki, Rusiya böyük dövlət olmasına və Ukraynanı bir neçə gün ərzində ələ keçirməyi planlaşdırmasına baxmayaraq, ilkin hərbi məqsədlərinə nail ola bilməyib:
"Rusiya özünü böyük dövlət hesab edir və Ukraynanı üç gün ərzində ələ keçirəcəyini bildirirdi. İndi isə müharibənin beşinci ilinə qədəm qoyuruq. Rusiya beş ilə yaxındır ki, Ukraynanı ələ keçirə bilmir”.











































