"UNESCO sifarişlə fəaliyyət göstərən bir qurumdur" - Deputat

SİYASƏT
15:14 25.08.2021
1979
"30 il ərzində BMT üzərinə düşən vəzifəni sona qədər yerinə yetirməyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, eyni zamanda BMT-nin digər Təsisatlarının qətnamə və qərarları verilib, amma bütün bunlar kağız üzərində qalıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 

Deputat bildirib ki, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq olunmurdu, təzyiqlər göstərilmirdi ki, onlar işğal etdikləri torpaqlardan getsinlər:

"Başqa bir təcrübə də var, BMT Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu qətnamənin mürəkkəbi qurumamış ABŞ başda olmaqla bu qətnamələrin yerinə yetirilməsi üçün dərhal konkret və ciddi addımlar atılıb. Bunu biz Yuqoslaviya məsələlərində də gördük, başqa ölkələrə tətbiqində də bunun şahidi olmuşuq. Lakin sonuncusu 1993-cü ildə qəbul edilən 4 qətnamə 27 ildən də çox bir müddətdə yerinə yetirilmədi. Sadəcə olaraq bəyanatlar verilirdi və kağız üzərində qalan fikirlər səslənirdi. Lakin təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq olunmurdu, təzyiqlər göstərilmirdi ki, onlar işğal etdikləri torpaqlardan rədd olub getsinlər”.

Fəzail Ağamalı qeyd edib ki, BMT də ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ikiüzlü siyasət yeridir:

"Məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrini Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimiz reallaşdırdı. Eyni zamanda dəfələrlə deyilməsinə baxmayaraq UNESCO ona edilən müraciətlərə, Cənab Prezidentin dediyi kimi, bəhanə gətirdilər ki, guya onlar siyasi proseslərə qarışmırlar. Burada hansı siyasi proseslər var? Azərbaycanın torpaqları işğal olunub, ermənilər işğala məruz qalmış torpaqlarımızı da tarixi abidələrimizlə birlikdə yerlə bir etdilər. İndi sən necə beynəlxalq təşkilat səviyyəsində buna hörmət edirsən, bunlara biganə qalırsan? Deməli formal bir təşkilatsan və ya sifarişlə fəaliyyət göstərən bir qurumsan. UNESCO-nun bu cür davranışlarından çıxan nəticə budur. Artıq müharibə bitib. Bəs indi niyə gəlmirlər, nə mane olur? Mane olan dünya xristianlığı, dünya erməniliyi, erməni lobbisi və bütün bunların təşkilində son dərəcə ciddi rol oynayan erməni diasporu və onun maliyyə imkanlarıdır. Bununla onlar sadəcə olaraq Ermənistanın maskasının cırılmasında öz missiyalarını yerinə yetirmirlər. Çünki UNESCO-nun aparmış olduğu monitorinqdə Azərbaycanın tarixi abidələrinin yerlə-yeksan edildiyi təsdiq olunarsa, rəsmi şəkildə qeydiyyata alınıb sənəd kimi qəbul olunarsa, artıq bizim Ermənistana qarşı əlavə təzminat açmaq imkanlarımız olar. Bunları etmirlər. 

Ona görə də, BMT də ona üzv olan Minsk qrupunun həmsədrləri kimi ikiüzlü siyasət yeridir. Daha çox ermənipərəst mövqe nümayiş etdirir və həqiqətin yanında olmur".

Fəzail Ağamalı bundan sonra da Azərbaycanın erməni vandalizminə qarşı fəaliyyətinin sistemli şəkildə davam edəcəyini deyib:

"Bütün bunların hamısını Cənab Prezident etik çərçivədə dünən qəbul etdiyi BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisinə bildirdi. Yəqin ki, bütün bunlar həm BMT-nin rəhbərliyinə, həm də UNESCO-nun rəhbərliyinə bəlli olacaq. Bundan sonra nəticənin necə olacağını gözləmək lazımdır. Əslində UNESCO gəlməsə də, həqiqət bəllidir, dəyən ziyanların hamısı araşdırılır, dədiqləşdirilir. Qeydiyyatı həyata keçirilir. Dünya miqyasında da bu ən müxtəlif platformalarda tətbiq olunacaq. Biz Azərbaycan dövləti olaraq Ermənistanın vandalizminə qarşı bundan sonra hüquqi və diplomatik informasiya mübarizəsi müstəvisində fəaliyyətimizi daha ardıcıl və sistemli davam etdirəcəyik”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR