Xaçmazlı məktəblilər internetdəki zərərli informasiyalar haqqında məlumatlandırıldı

GƏNCLİK
11:07 23.09.2019
3789
Xaçmazlı məktəblilər internet informasiya resurslarının zərərli təsirindən qorunmağın yolları ilə bağlı maarifləndirilib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində təhsil ocaqlarında təşkil olunan görüşlərdə yuxarı sinif şagirdləri, müəllimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Görüş zamanı internetdəki zərərli informasiyaların şagirdlərə təsiri haqqında danışılıb.

Bildirilib ki, qlobal internet şəbəkəsi və texnologiyanın sürətli inkişafını nəzərə alsaq, uşaqların zərərli informasiyalardan qorunması, həmçinin onların informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində maarifləndirmə günümüzün ən aktual problemlərindəndir. Hazırda ölkəmizdə əhalinin təxminən 80 faizi internet istifadəçisidir. Onların arasında məktəblilər üstünlük təşkil edir. Lakin heç də hamı internetdən məlumat almaq, maariflənmək məqsədilə istifadə etmir. Xüsusilə yeniyetmə və məktəblilər zərərli informasiyaların, şiddət təbliğ edən görüntülərin təsiri altına tez düşür. Bu problemdən çıxış yolu şagirdlərə maarifləndirici görüşlər keçirib, profilaktik söhbətlər aparmaqdır.

"Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində ilk görüş minə yaxın şagirdin təhsil aldığı Kərim Məhərrəmov adına Xudat şəhər 3 nömrəli tam orta məktəbdə təşkil edilib. Diskussiya və aktiv müzakirələr şəraitində keçən görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Maarifləndirici tədbirlərin rayonun daha iki məktəbində təşkili nəzərdə tutulub. Həmçinin layihə çərçivəsində ölkənin ilk uşaq kanalı olan "ARB Günəş” telekanalında mövzuya həsr olunan televiziya proqramı yayımlanıb.  
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR