“Qəbələ” – “Xəzər Lənkəran” oyunundan sonra baş tutan mətbuat konfransında komandaların baş məşqçiləri oyun barədə öz fikirlərini səsləndirdilər.
AZXEBER.COM-un məlumatına görə, “Xəzər Lənkəran”nın baş məşqçisi Yunis Hüseynov oyunun gərgin keçdiyini və bunun gözlənilən olduğunu bildirib: “Çox çətin oyun alındı. “Qəbələ” “altılıq” oyunlarında çox yaxşı təsir bağışlayır və görüşün gərgin keçəcəyini bilirdik”.
Mütəxəssis qələbəyə rəğmən komandanın oyunundan narazılığını bildirib: “Erkən qol vurub, nəticədə qələbə qazandıq. Lakin buna baxmayaraq futbolçuların nümayiş etdirdiyi oyun məni qane etmədi. Müəyyən futbolçuların fiziki durumlarında problemlər qalmaqdadır. Oyunun sonlarında müdafiyəyə çəkilməyimiz məni heç razı salmadı”.
“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak isə oyun haqqında bunları deyib: “Oyun həqiqətən də bizim üçün çətin alındı. Oyunda kifayət qədər imkanlarımız oldu. Amma onların heç birindən istifadə edə bilmədik. Bəlkədə səbəb erkən qol buraxmağımızın futbolçulara psixoloji baxımdan mənfi təsir etməsi oldu”.
Ozal İbrahimli