Son günlərdə dövlət qurumları və nazirliklərdə müxtəlif istiqamətlər üzrə vakansiyaların artması diqqət çəkir.
Vakansiyalar arasında Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyində təklif olunan iş yerləri də yer alır.
Qeyd edək ki, sözügedən dövlət qurumlarında təqdim olunan bəzi vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.
Dövlət sektorunda vakansiyaların artması ilə yanaşı, müəyyən ixtisas və peşə bacarıqlarına malik kadrlara tələbatın da yüksəldiyi müşahidə olunur.
Bəs hazırda dövlət sektorunda daha çox hansı ixtisas və bacarıqlara malik kadrlara ehtiyac var? Vakansiyaların artmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan insan resursları üzrə menecer Röyal Əhmədov bildirib ki, dövlət qurumlarında vakansiyaların artması əmək bazarında baş verən müsbət dəyişikliklərlə yanaşı, idarəetmə və xidmət sahələrində yenilənən kadr ehtiyacları ilə də bağlıdır:
"Son dövrlərdə dövlət qurumları və nazirliklərdə vakansiyaların artmasını ümumilikdə əmək bazarında müsbət dəyişiklik kimi qiymətləndirirəm. Bu tendensiya dövlət sektorunda kadr ehtiyacının yenilənməsi, yeni istiqamətlərin formalaşması və idarəetmə proseslərinin müasir tələblərə uyğunlaşdırılması ilə əlaqələndirilə bilər. Burada yalnız yeni iş yerlərinin yaradılmasından söhbət getmir. Eyni zamanda, mövcud strukturların yenilənməsi, bəzi funksiyaların genişlənməsi və yeni xidmət istiqamətlərinin yaranması da əlavə insan resurslarına ehtiyac formalaşdırır”.
R.Əhmədovun sözlərinə görə, müasir dövrdə yalnız diplom və ixtisas dövlət sektorunda işə qəbul üçün kifayət etmir:
"Artıq yalnız diplom və ixtisas kifayət etmir. Dövlət sektorunda çalışan əməkdaşdan analitik düşüncə, rəqəmsal savadlılıq, məlumatlarla işləmək, düzgün kommunikasiya qurmaq, komanda ilə işləmək, qərarvermə və problem həll etmək bacarığı da gözlənilir. Yəni müasir dövlət qulluqçusu həm öz ixtisasını bilməli, həm də idarəetmə proseslərinin müasir alətlərindən istifadə etməyi bacarmalıdır”.

R.Əhmədov gələcəkdə dövlət sektorunda üstünlük qazanacaq kadrların bir neçə bacarığı eyni anda özündə birləşdirən mütəxəssislər olacağını deyib:
"Gələcəkdə dövlət sektorunda ən çox üstünlük qazanan kadr profili öz ixtisasını yaxşı bilməklə yanaşı, bir neçə əlavə bacarığı da özündə birləşdirən mütəxəssis olacaq. Məsələn, hüquqşünasın rəqəmsal alətlər və analitika haqqında anlayışının olması, iqtisadçının məlumatlarla işləyə bilməsi, HR mütəxəssisinin əmək qanunvericiliyi ilə yanaşı müasir HR texnologiyalarını bilməsi və dövlət idarəçiliyi üzrə mütəxəssisin layihə idarəetməsi bacarığına sahib olması həmin şəxsin rəqabət qabiliyyətini artırır”.
Ekspert dövlət sektorunda işləmək istəyən gənclərə də tövsiyələr verib:
"Dövlət sektorunda işləmək istəyən gənclər yalnız diplom və imtahan hazırlığı ilə kifayətlənməməlidirlər. Öz ixtisaslarını dərindən bilməli, qanunvericiliklə işləməyi öyrənməli, rəqəmsal və analitik bacarıqlarını inkişaf etdirməli, kommunikasiya və müsahibə bacarıqlarını gücləndirməlidirlər. Çünki müasir əmək bazarında üstünlük artıq yalnız hansı diplomun əldə olunması ilə deyil, həmin diplomun arxasında hansı real bacarıqların dayandığı ilə müəyyən olunur”.
Fəridə Əsədzadə












































