Xəbər verdiyimiz kimi, bu gün AVRO-2020 - futbol üzrə Avropa çempionatı start götürür.
Turnirin açılış mərasimi və ilk matçı İtaliyanın paytaxtı Romada baş tutacaq.
İlk oyun günündə A qrupunda mübarizə aparan İtaliya və Türkiyə üz-üzə gələcək.
AVRO-2020-ə bütün dünyada olduğu kimi ölkəmizdə də maraq böyükdür.
Bu çempionatın ölkəmiz üçün daha bir önəmi ondan ibarətdir ki, AVRO-2020-nin 4 oyunu Bakıda keçiriləcək.
AZXEBER.COM Avropa Çempionatı ilə bağlı deputatların fikrini öyrənib.
Deputat Razi Nurullayev bildirib ki, o, Avropa çempionatında Türkiyəyə azarkeşlik edəcək:
"Mən desəm ki, mütəmadi olaraq futbolla maraqlanıram, bu, yalan olar. Amma bu çempionatın bəzi oyunları Bakıda keçiriləcəyi üçün oyunları izləyəcəm. Avropa çempionatında Türkiyəyə azarkeşlik edəcəm, Qardaş ölkəyə uğurlar arzulayıram. İstəyirəm ki, Türkiyə qalib olsun və bizi sevindirsin. Amma onunla yanaşı İtaliyaya da azarkeşlik edəcəm. Düzdür, oyunu stadiondan izləyə bilməyəcəm, televiziyadan izləyəcəm”.
![](https://azxeber.com/file/pic/xeber/2021-06/1623403975_1589178823_95840461_892010554544181_9196208417406976000_n.jpg)
Razi Nurullayev onu da qeyd edib ki, oyunların Bakıda keçirilməsi ölkəmiz üçün iqtisadi stimuldur:
"Bu oyunlardan bəzilərinin Bakıda keçirilməsi Azərbaycan vətəndaşlarında futbola marağı artırır. Bundan başqa oyunlarla bağlı ölkəmizə 30-40 min turist gələcək. Pandemiyadan əziyyət çəkən ölkəmiz üçün böyük iqtisadi stimuldur. Bu, həm də bütün dünyada Azərbaycanın adının çəkilməsinə səbəb olacaq, Azərbaycanı bir daha dünyaya tanıdacaq”.
AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas isə qeyd edib ki, oyunların Bakıda keçirilməsi şəhərlərimizin tanınmasına səbəb olacaq:
![](https://azxeber.com/file/pic/xeber/2021-06/1623403926_aqil_abbas_151019-696x377.jpg)
"Oyunların Bakıda keçirilməsi ölkəmizin tanınması üçün mühüm amildir. Məlumdur ki, bu oyunlar əksər xarici kanallarda yayımlanacaq. Bu da şəhərlərimizi, Bakı şəhərini dünya mediasına çıxaracaq. Mən bu oyunlarda qardaş Türkiyəyə azarkeşlik edəcəm, ayrı bir ölkə ola bilməz. Mən oyunları televiziya vasitəsilə izləyəcəm, stadiona gedə bilməyəcəm”.
Aydın Nuri
AZXEBER.COM
Aydın Nuri
AZXEBER.COM