"Roblox” daha bir uşağın ölümünə səbəb oldu.
Baş Prokurorluğun rəsmi məlumatına görə, Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin "Roblox” oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.
Bu barədə Baş Prokurorluq valideynlərə çağırış edib.
Baş Prokurorluq bu hadisəni uşaqların internet məkanı və sosial şəbəkələrdə qarşılaşa biləcəyi təhlükələrə, xüsusilə onların psixoloji vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilən məzmun və çağırışlara qarşı diqqətin artırılmasının vacibliyini göstərən ciddi hal kimi qiymətləndirir.
Valideynlər tərəfindən uşaqların internet və sosial platformalardan istifadəsinə xüsusi həssaslıqla yanaşılması, onların istifadə etdikləri elektron qurğulara, platformalara və daxil olduqları məzmuna nəzarəti gücləndirilməsi, elektron qurğuların təhlükəsizlik imkanlarından istifadə etməklə uşaqların onlayn fəaliyyətinin izlənilməsi vacibdir.
Eyni zamanda, uşaqların davranışında və gündəlik vərdişlərində baş verən dəyişikliklərə diqqət yetirilməsi, onları narahat edən və ya təsir altında saxlayan məzmun və çağırışların vaxtında müəyyənləşdirilməsi, belə hallarda uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması mühüm əhəmiyyət daşıyır.
Valideynlər nəzərə almalıdırlar ki, internet və sosial şəbəkələrdə hər bir məzmun zərərsiz və əyləncə xarakteri daşımır. Yaş həddinə uyğun olmayan, psixoloji təsir göstərən və təhlükəli davranışlara sövq edə bilən məzmunlar uşaqlar üçün ciddi həyati risk yarada bilər. Bu səbəbdən onların virtual mühitdə təhlükəsizliyinin təmin edilməsi valideyn nəzarəti, diqqətli müşahidə və davamlı ünsiyyətlə müşayiət olunmalıdır.
Hadisə uşaqların internet platformalarında qarşılaşdığı təhlükələrin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə azyaşlıların geniş istifadə etdiyi oyun platformalarında nəzarətsiz ünsiyyət, manipulyativ çağırışlar, zorakılığı və özünə zərərverməni təşviq edən məzmunlar ciddi risk yarada bilər.
Uşaqlar və yeniyetmələr internetdə qarşılaşdıqları məzmunun təhlükəli olub-olmadığını hər zaman düzgün qiymətləndirə bilmirlər. Bu səbəbdən virtual mühitdə qarşılaşdıqları çağırışlar onların emosional vəziyyətinə və davranışlarına təsir göstərə bilər.
Bəs uşaqları bu cür təhlükəli məzmundan necə qorumaq olar?
Milli Məclisin deputatı Ceyhun Məmmədəov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, çox ciddi bir məsələdir:

"Bu, çox ciddi bir məsələdir. Biz bu məsələyə həssas yanaşmalıyıq. Azərbaycanda "Roblox”la yanaşı "Mavi Balina”, "WePlay” oyunları da var ki, onlar cəmiyyət üçün, gənclər üçün böyük təhlükə mənbəyidir.
Ona görə də, bu oyunlara Azərbaycanda sərbəst girişinin qarşısı qətiyyətlə alınmalıdır.
Yəni, biz bu istiqamətdə addım atmalıyıq. Biz bu istiqamətdə addım atmasaq, gələcəkdə bizim üçün ciddi təhlükələr yaranacaq. Bu məsələnin üzərində düşünmək lazımdır”.
"Bu proqramlar və oyunlar gələcəkdə gənclərin düşüncəsinə, təfəkkürünə və digər məsələlərinə də çox mənfi təsir göstərəcək. Ona görə biz gecikmədən bu prosesə başlamalıyıq və öz uşaqlarımızı bunlardan qorumalıyıq. Yoxsa əks halda biz gələcəkdə gənclərimizin daha çox həyatını itirdiyini, daha çox ciddi təhlükələrlə üz-üzə qaldığını şahid olacağıq. Bu, həm də, milli təhlükəsizlik məsələsidir. Milli təhlükəsizlik məsələsi olduğu üçün gəncləri qorumalıyıq. Ona görə ciddi qorunma və qadağa olmalı, həmin prosesin qarşısı alınmalıdır.”, - deyə parlamentari qeyd edib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli AZXEBER.COM-a açıqlamasında deyib ki, valideynlər bu oyun platformasının nə qədər təhlükəli olduğunu anlamaq istəmir:

"Çox təəssüflər olsun ki, bu günə qədər mövzu ilə nə qədər danışsaq da, valideynlər hələ də bu oyun platformasının nə qədər təhlükəli olduğunu anlamaq istəmir. "Roblox" sadəcə oyun deyil; uşaqların böyük bir onlayn icmaya daxil olduğu platformadır. Buna görə də onun təhlükəsizlik standartları da adi oyun platformasından daha yüksək olmalıdır. Ancaq valideynlərin onlayn savadlılığı yüksək səviyyədə olmadığına görə həmin platformada nələrin baş verdiyindən xəbərsizdir”.
Hacıbəy Heydərli "Roblox” plaftomasundan insanları ölümə səsləyən oyunların olduğunu deyib:
"Kiçik araşdırmam nəticəsində məlum oldu ki, "Roblox"da uşaqlara konkret bunu göstərən oyun da mövcuddur. "The floor is Lava" (Lavadan qaç) oyununda konkret məqsəd personajın yuxarı mərtəbəyə qalxıb, orada lavadan qaçmaqdır və ən dəhşətlisi odur ki, bu oyunda personal yuxarı mərtəbədən tullanaraq əgər lavaya rast gəlmirsə, sağ qalır. Bunu real həyatda tətbiq etmənin sonu isə azyaşlı bir uşağın faciəsi oldu”. Bu işdə maarifləndirmə ön planda olmaıdır və virtual oyunların real təhlükəsi insanlara aşılanmalıdır”.
Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda dərc edilib.
Şahanə Ziyad











































