Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd "Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb.
Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
"Balaxanı zibilliyindən bir avtomat tapmışam. Baxım gördüm iki darağı, 30 gülləsi var. İstədim aparıb həyətdə gizlədim. Polislər tutub apardılar bölməyə”, - deyə Çingiz Quliyev bildirib.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.