Azərbaycanda tramvay xətləri dövlət mülkiyyətində olacaq. Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən "Nəqliyyat haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Layihəyə əsasən, dövlət mülkiyyətində saxlanılan nəqliyyat infrastrukturlarının siyahısına tramvay xətlərinin (infrastrukturunun) da daxil edilməsi təklif olunur.
Bəs ümumilikdə tramvay xətləri Bakıya nə vəd edəcək?
Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında deyib ki, tramvay nəqliyyat sıxlığı ilə mübarizə vasitələrindən biridir:

"Tramvayın tətbiqi tıxac problemini tamamilə aradan qaldıracaq demək doğru olmaz. Çünki tramvay nəqliyyat sıxlığı ilə mübarizə vasitələrindən sadəcə biridir. Bununla yanaşı, nəqliyyat şəbəkəsinin genişləndirilməsi, yeni yolların salınması, mövcud yol infrastrukturunun inkişaf etdirilməsi və yol hərəkətinin daha səmərəli təşkili də vacib amillərdəndir. Eyni zamanda ictimai nəqliyyatın inkişafı da bu məsələdə mühüm rol oynayır.
İctimai nəqliyyat növlərindən biri olan tramvayın istifadəyə verilməsi nəqliyyat vasitələrinin çeşidini artıracaq. Bu isə insanların ictimai nəqliyyata etimadını gücləndirəcək və onların şəxsi avtomobillərdən daha az istifadə etməsinə şərait yaradacaq”.
Ekspert qeyd edib ki, tramvay xətləri əsasən metro və ya dəmir yolu şəbəkəsinin olmadığı ərazilərdə çəkiləcək:
"Tramvay xətlərinin əsasən metro və ya dəmir yolu şəbəkəsinin olmadığı ərazilərdə çəkilməsi nəzərdə tutulur. Məsələn, "Sea Breeze”dən Sabunçu istiqamətində və Bakıətrafı bəzi qəsəbələrdə tramvay xətlərinin salınması planlaşdırılır. Bayıl qəsəbəsində də tramvay xəttinin çəkilməsi gözlənilir. Eyni yanaşma digər marşrutlar üçün də tətbiq edilir. Məsələn, Məhəmmədi–28 May istiqamətinin seçilməsinin əsas səbəbi həmin ərazilərdə dəmir yolu nəqliyyatının fəaliyyət göstərməməsi və metronun əlçatan olmamasıdır. Bu səbəbdən tramvay həmin nəqliyyat boşluğunu dolduracaq”.
Şahanə Ziyad











































