Bəzi çimərliklərdə qiymətlər cib yandırır – Ekspertlərdən açıqlama

Bəzi çimərliklərdə qiymətlər cib yandırır – Ekspertlərdən açıqlama
SOSİAL
12:05 09.07.2026
447
Bakı çimərliklərində istirahət etmək istəyən vətəndaşlar bəzi məkanlarda yüksək qiymətlərlə qarşılaşırlar.

Çimərlik mövsümünün başlaması ilə Bakı sakinləri və şəhər qonaqları istirahət məkanlarına üz tutmağa başlayıblar. Dəniz kənarında vaxt keçirmək istəyənlər arasında ödənişsiz çimərliklərlə yanaşı, müxtəlif xidmətlər təklif edən ödənişli çimərliklərə üstünlük verənlər də az deyil.

Bu tip çimərliklərə üz tutan vətəndaşlar bəzi hallarda yüksək qiymətlərlə qarşılaşırlar. Bu isə çimərlik xidmətlərinin qiyməti ilə bağlı müzakirələrə səbəb olur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, qiymətlər göstərilən xidmətlərin həcminə və mövsümi tələbatın səviyyəsinə uyğun dəyişir:

"Bakı şəhərində həm ödənişsiz, həm də ödənişli çimərliklər fəaliyyət göstərir. Eyni zamanda elə çimərliklər də var ki, giriş tamamilə ödənişsizdir, lakin ərazidə şezlonq, çətir, duş, paltardəyişmə kabinəsi və digər xidmətlərdən istifadə etmək istəyənlər əlavə ödəniş edirlər. Yay mövsümündə, xüsusilə havalar isti və günəşli olduqda, çimərliklərə üz tutan insanların sayı xeyli artır. Əvvəllər bu xidmətlərin qiyməti 3-5 manatdan başlayır, bəzi hallarda isə maksimum 10 manata qədər dəyişirdi. Hazırda isə göstərilən xidmətlərin sayı artıb, xidmət çeşidi genişlənib və buna uyğun olaraq qiymətlər də dəyişib. Bu gün bəzi çimərliklərdə xidmət paketlərinin qiyməti 10 manatdan başlayaraq 50-60 manata qədər yüksələ bilir”.


Ekspert həmçinin qeyd edib ki, bu qiymət artımlarının obyektiv səbəbləri var:

"Qiymətlər tamamilə göstərilən xidmətlərin həcminə, keyfiyyətinə və çimərliyin təklif etdiyi imkanlara uyğun formalaşır. Təəssüf ki, Azərbaycanda yay mövsümü kifayət qədər qısadır. Sahibkarlar da bu qısa müddət ərzində çəkdikləri xərcləri qarşılamağa və mümkün qədər gəlir əldə etməyə çalışırlar. Buna görə də müştərilərə əlavə xidmətlər təqdim edir, xidmət çeşidini artırırlar. Bundan başqa, ödənişli çimərliklərin əksəriyyətində sahibkarların icarə haqqı, işçi qüvvəsi, kommunal və digər xərcləri də olur. Buna görə qiymətlərdəki dəyişikliklər əsasən mövsümi tələbat və göstərilən xidmətlərin həcmi ilə bağlıdır”.

Turizm eksperti Cəfər Qarayev isə hesab edir ki, qiymətlərin formalaşması bazar prinsiplərinə əsaslanır:

"Çimərliklərdə iaşə obyektlərinin qiymətlərini bazar özü formalaşdırır. Hər büdcəyə uyğun məkanlar var. Ümumi istifadədə olan ictimai çimərliklər pulsuzdur. Büdcəyə uyğun, premium və lüks çimərliklər də var ki, onların giriş qiymətləri müxtəlifdir. Çünki sahibkar həmin məkanlara investisiya yatırıb və qoyduğu sərmayəni geri qaytarmaq üçün qiymətləri buna uyğun müəyyən edir. İstəyən həmin məkanlara gedə bilər. İctimai çimərliklərdə dənizə girmək pulsuzdur. Bundan əlavə, girişi 20, 30 manat olan çimərliklər, hovuzlu məkanlar, eləcə də giriş qiyməti 50-70 manat arasında dəyişən istirahət zonaları da fəaliyyət göstərir. Həftəiçi və həftəsonu qiymətlər fərqlənir. Hər zövqə və hər büdcəyə uyğun çimərliklər mövcuddur. Belə bir təcrübə, demək olar ki, dünyanın hər yerində var”.
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR