“Bu hadisə nə mülk, nə də pul üstündə baş verib”- Qətlə yetirilən gəlinin qaynanası

“Bu hadisə nə mülk, nə də pul üstündə baş verib”- Qətlə yetirilən gəlinin qaynanası
SOSİAL
12:13 04.06.2026
1665
Xəbər verdiyimiz kimi, iyunun 1-də Sabunçu rayonu Ramana qəsəbəsində 60 yaşlı Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib. Qaynatanın gəlnini öldürmə səbəbi ilə bağlı müxtəlif iddialar səslənir. A. Məmmədovun G. Məmmədovanı öldürmə səbəbi kimi müavinət kartını mənimsəmək istəyi göstərilir.
 
Bu iddialarla razılaşmayan gəlinin qaynanası Hicran Məmmədova Musavat.com-a danışaraq ailə ilə gəlin arasında heç bir zaman müavinət üstündə mübahisə olmadığını bildirib:

"Gəlinimlə mən 6 ildir ki, bir yerdə yaşayırdıq. Aramızda heç bir zaman müavinətə görə söz-söhbət olmayıb. Deyirlər ki, guya biz onunla müavinət üstündə dalaşmışıq. Elə şey olmayıb. Qayınata və mən oğlumdan sonra bizə düşən hər şeyi gəlinimizə bağışlamışdıq. Mən bütün hüquqları və müavinəti gəlinə vermişdim. Həyat yoldaşımla mən 20 ildir ki, ayrıyam, bir yerdə yaşamırıq. O, Şüvəlanda qalırdı, mən isə gəlinim və nəvələrimlə şəhərdə yaşayırdım. İki aydan bir, ayda bir dəfə evimizə gəlib, baba kimi nəvələrini görürdü. Gəlin buna icazə vermişdi. Mənim isə həyat yoldaşımla heç bir ünsiyyətim yox idi.

Gəlinimlə çox mehriban olmuşuq, onu balalarımdan da çox istəyirdim. Aramızda heç vaxt söz-söhbət olmazdı. Ancaq son aylar onun doğru yolda olmadığını gördüm. Buna görə də ata və anasını çağırdım və dedim ki, qızınız doğru yolda deyil və mən bunu qəbul edə bilmərəm. Aprelin 30-u gəlini valideynləri öz evlərinə apardılar. Nəvələrim isə mənimlə birlikdə qalırdılar. Mən ona dedim ki, istədiyi vaxt bizə gəlib, uşaqlarını görə bilər. Uşaqlar telefonda ana ilə danışırdılar, əlaqələri var idi. Mənim isə həmin vaxtdan gəlinimlə xüsusi ünsiyyətim yox idi.

Qətlin baş verdiyi gün qız nəvəmi müayinəyə aparacağım üçün dərsə göndərmədim. Oğlan nəvəmi isə məktəbdə tədbirdə idi. Gəlinim qızına zəng edib dedi ki, nənəniz icazə verərmi gəlib sizi görüm? Dedim, ürəyi haçan istəyirsə, gəlsin. Onu da qeyd edim ki, 10 gün bundan əvvəl də gəlib uşaqlarını görüb getmişdi.

Beləliklə, iyunun biri balaca bir tort və "slaym” alıb bizə gəlmişdi. 1 saat uşaqları ilə oynadı, danışdı, deyib güldülər və sonra çıxıb getdi. Liftdə baş verən qətldən isə mənim xəbərim olmayıb. Mən həyat yoldaşımın bizə gələcəyini heç bilmirdim. O, bəlkə də bayrama görə uşaqları görməyə gəlirmiş liftdə qarşılaşıblar və ya ola bilsin ki, gəlini izləyib. Mənim bu barədə heç bir məlumatım yoxdur. Gəlinlə həyat yoldaşım ona qədər çox mehriban idilər və əlaqələri var idi. Gülüzarı çox istəyirdi, bayramlarda zəng edib onu təbrik edirdi, alnından öpürdü. Gəlinimin doğru yolda olmadığını biləndən sonra isə əlaqələri kəsilmişdi.

Heç kim iddia edə bilməz ki, bu qətl müavinət, mülk, ev və ya hər hansısa pul üstündə baş verib. Bunu faktlarla sübut edərəm ki, hər şeyi gəlinə bağışlamışdıq və o özü xərcləyirdi.

Nəvələrim hazırda mənim yanımdadırlar. Çox kədərliyəm ki, oğlumun ölümündən sonra onun ailəsində belə hadisə baş verdi. Acımızı sözlə ifadə edə bilmərik”, -deyə ana bildirib.
OXŞAR XƏBƏRLƏR