Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?

Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
SOSİAL
15:32 21.09.2026
265
Xəbər verdiyimiz kimi, şəhərdəki tıxaclar Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında da gündəmə gəlib. Komitə sədrinin müavini Arzuxan Əlizadə iclasa ilk dəfə gecikdiyini bildirərək şəhərdəki tıxaclarla bağlı narazılığını ifadə edib. Deputat tıxacların artıq dözülməz həddə çatdığını və bu səbəbdən vətəndaşların, xüsusilə də işçilərin ciddi problemlərlə üzləşdiyini vurğulayıb.

O qeyd edib ki, tıxaclar səbəbindən işə gecikmələr işçi ilə rəhbərlik arasında narazılıqlara da səbəb olur. 

Bəzi şəxslər isə şəhərdəki sıxlığın səbəblərini Formula 1 yarışları ilə yanaşı, yollarda aparılan təmir işləri ilə əlaqələndirirlər. 

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, Formula 1 həftəsi olduğu üçün Bakının mərkəzi küçələri bağlıdır:

 "Formula 1 həftəsi olduğu üçün Bakının mərkəzi küçələri bağlıdır. Həmin istiqamətlərdə nəqliyyat müxtəlif yollara yönləndirilib. Məsələn, Yusif Səfərov küçəsindən nəqliyyat 28 May istiqamətinə yönləndirilir. Bu həftə ərzində üç gün səhər və axşam saatlarında bu rejim tətbiq olunacaq. Daha sonra isə Formula 1 yarışlarına görə yollar son iki gün ərzində bağlı qalacaq”.


"Digər tərəfdən, metronun təmirə bağlanması bəzi istiqamətlərdə avtobusların sayının artmasına səbəb olub. Bu da nəqliyyat axınına təsir göstərir. Deputat Milli Məclisin iclasına gecikibsə, söhbət Elmlər Akademiyası istiqamətindən gedir. Elmlər tərəfdə avtobusların sayı kifayət qədər artıb və həmin ərazilərdə daha çox tıxac yaranır,-deyə ekspert bildirib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli isə AZXEBER.COM-a bidirib ki, şəhər mərkəzində hər hansı təmir işləri aparılmır:

"Şəhər mərkəzində hər hansı təmir işləri aparılmır. Təmir işləri Sabunçu, Qaradağ, Suraxanı və Pirallahı tərəflərində aparılır ki, bu da şəhərin nəqliyyat infrastrukturuna təsir etmir.


Tıxacların azaldılması, nəqliyyat axınının səmərəli təşkili isə agentliyin birbaşa səlahiyyətində deyil. Bununla bağlı məsələlər Nəqliyyatın Əlaqələndirmə Şurası çərçivəsində aidiyyəti qurumların iştirakı ilə birgə müzakirə olunur və müvafiq qərarlar koordinasiyalı şəkildə qəbul edilir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR