Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR

Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
SİYASƏT
16:28 29.07.2026
182
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Söhbət zamanı dövlətimizin başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlanıb.

Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırlayıb, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini deyib.

Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxunub və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd edib.

Dövlət başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğulayıb.

Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edilib, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunulub.

Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR