Fəxrəddin Həsənzadə,
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru
Gənclər üçün Təhsil Mərkəzi olaraq 6 mart 2020-ci il tarixindən cari günə kimi koronavirus infeksiyasının ölkəmizdə yayılmasına qarşı qəbul edilmiş təcili, təxirəsalınmaz və icrası məcburi olan qərarlarların təmin olunması məqsədilə "İnteqrasiya olunmuş sosial xidmətlər” layihəsi çərçivəsində "Elektron keys menecment” sistemini yaratdıq.
Ağcabədi rayonu və Şirvan şəhərində müraciətlərə operativ baxılması, cavablandırılması və həlli üçün ümumilikdə 7 sosial işçi, 3 psixoloq, 3 pedaqoq və 2 uşaq inkişafı mütəxəssisi, 2 hüquqşünas və 2 regional koordinatordan ibarət operativ işçi qrupu fəaliyyət göstərdi.
Mərkəzə daxil olan müraciətlər əsasında sosial müavinətlər, əlilliyin rəsmiləşdirilməsi, aliment tələbinin yerinə yetirilməməsi, əlil arabaları və digər avadanlıqlara olan ehtiyacın təmin edilməsi, SİM uşaqların reabilitasiya proqramlarına cəlb olunması və s. istiqamətlərdə sosial işin təşkili həyata keçirilmişdir. Hər iki regionda ümumilikdə baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün göstərilən xidmət sayı 94, inkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün göstərilən xidmət sayı 143 olmuşdur.
Həmçinin Mərkəzimiz Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın çağırışına qoşularaq #EvdəQalaraqYaşat kampaniyası çərçivəsində qanvermə aksiyalarını təşkil etmişdir. Belə ki, qanvermə aksiyaları aprelin 8-də Bakı şəhərində, aprelin 13-də Şirvan şəhərində, aprelin 15-də isə Mingəçevir şəhərində keçirilmişdir.
Bununla yanaşı əhaliyə birdəfəlik 190 manat ödəmənin şamil edilməsilə əlaqədar çərçivəsində Şirvan şəhərində və Ağcabədi rayonunda fəaliyyət göstərən operativ işçi qrupu tərəfindən 500-dən çox şəxsə "e-sosial.az” portalında işsiz kimi qeydiyyata alınmaqda, 100 dən çox aztəminatlı ailənin ərzaq tədarükü ilə təmin edilməsinə köməklik göstərilmişdir.
Mərkəz olaraq ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə həyata keçirilən ictimai maarifləndirmə layihəsinə qoşularaq regionlarda maarifləndirici materialların paylanması, eyni zamanda sakinlərə infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl olunması və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilmişdir.