Almaniyada keçirilən aksiya zamanı Azərbaycan və İran bayraqlarının nümayiş etdirilməsi, fars dilində şüarlardan istifadə olunması müzakirələrə səbəb olub.
Aksiya zamanı Azərbaycan himninin səsləndirilməsi və üçrəngli bayrağımızın qaldırılması ilə yanaşı, İran simvollarının da yer alması tədbirin məqsədi və təşkilatçıların siyasi mövqeyi ilə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tofiq Abbasov bildirib ki, xaricdə keçirilən aksiyalarda müxtəlif qüvvələr iştirak edir və onlar fərqli üsullarla fəallıq nümayiş etdirməyə çalışırlar:
"Xaricdə keçirilən aksiyalarda müxtəlif qüvvələr iştirak edir və onlar fərqli üsullarla fəallıq nümayiş etdirirlər. Bəziləri açıq-aşkar təxribatlara əl atır, digərləri isə başqa qüvvələrin təşkil etdiyi tədbirlərdə iştirak edərək özlərini ön plana çıxarmağa çalışırlar. Belə hallara xüsusilə Avropa ölkələrində tez-tez rast gəlinir.
Avropa ölkələrində aksiyaların təşkili prosedurları bir qədər fərqlidir. Məsələn, təşkilatçılar yerli bələdiyyə orqanlarına müraciət edərək tədbirin keçiriləcəyi vaxt və məkan barədə məlumat verirlər. Bu müraciətlər ictimailəşdirildiyindən müxtəlif qüvvələrin diqqətini cəlb edir".

T. Abbasovun sözlərinə görə, Avropanın müxtəlif ölkələrində Azərbaycanla bağlı tədbirlərə təsir göstərməyə çalışan qüvvələr də fəaliyyət göstərir:
"Hazırda Azərbaycanı dəstəkləyən qüvvələrlə yanaşı, ölkəmizə qarşı mövqedə olan qüvvələr də var. Unutmamalıyıq ki, Avropanın müxtəlif ölkələrində, xüsusilə Fransada erməni diaspor təşkilatları fəaliyyət göstərir. Azərbaycanla bağlı hər hansı tədbir keçiriləndə onlar da bu prosesləri diqqətdə saxlayır, bəzən təxribatlar törətməklə və müxtəlif maneələr yaratmaqla tədbirlərə təsir göstərməyə çalışırlar. Belə hallara tez-tez rast gəlinir.
Düşünürəm ki, bu məsələyə həddindən artıq diqqət yetirmək düzgün deyil. Müxtəlif ölkələrdə fərqli xalqların diaspor təşkilatları və icmaları fəaliyyət göstərir. Onlar müxtəlif formalarda öz fəallıqlarını nümayiş etdirməyə çalışırlar. Hazırda İrandan Avropaya köçmüş azərbaycanlıların, yəni soydaşlarımızın da bu proseslərdə fəallıq göstərməsi mümkündür. Lakin onların ətrafında kürdlərin, farsların və digər xalqların nümayəndələri də iştirak edə, öz mövqelərini nümayiş etdirməyə çalışa bilərlər".
Politoloq hesab edir ki, bu cür aksiyalarda əsas məsələ Azərbaycan diaspor təşkilatlarının düzgün təşkilatlanması və tədbirlərin məqsədinə uyğun keçirilməsidir:
"Buna görə də hesab edirəm ki, bu məsələyə strateji əhəmiyyət verməyə ehtiyac yoxdur. Bizim üçün əsas məsələ diaspor təşkilatlarımızın və onların fəallarının bu cür tədbirlərdə düzgün təşkilatlanmasıdır. İlk növbədə, tədbirlərin təşkilində ardıcıl və səmərəli yanaşma nümayiş etdirilməli, ideoloji baxımdan düzgün şüarlar seçilməlidir. Azərbaycan himni səsləndirilirsə, soydaşlarımız ona hörmətlə yanaşmalı, himnimiz səslənərkən müvafiq ehtiram göstərməlidirlər.
Eyni zamanda, kənardan gələn müxtəlif qüvvələrin tədbirlərdə özlərini daha qabarıq şəkildə göstərməyə çalışması da mümkündür. Lakin bu, məsələyə strateji yanaşmanı dəyişməməlidir.
Diaspor təşkilatlarımız və ictimai fəallarımız əvvəlcədən bütün məqamları nəzərə almalı, tədbirləri layiqli səviyyədə təşkil etməli və proseslərin öz məqsədlərinə uyğun şəkildə idarə olunmasına çalışmalıdırlar. Kütləvi tədbirlərdə əsas məsələlərdən biri təşəbbüsü başqa qüvvələrə verməməkdir. Bunun üçün xüsusi yanaşmalar və təcrübə tələb olunur. Belə tədbirlərin təşkilində təcrübəli şəxslər iştirak etməli, onlar prosesin gedişinə nəzarət etməli və təşəbbüsün öz əllərində qalmasına çalışmalıdırlar".
Fəridə Əsədzadə











































