Vaxtilə inşa olunan binalar zəngin memarlıq üslubu, incə naxışları və dekorativ elementləri ilə seçilirdi. Fasadlarda istifadə olunan sütunlar, ornamentlər, heykəltəraşlıq nümunələri və digər bəzək elementləri tikililərə xüsusi görünüş qazandırırdı.
Son illərdə isə memarlıqda fərqli yanaşma üstünlük təşkil edir. Yeni inşa olunan binalarda daha çox minimalist dizayn, sadə fasadlar və funksionallığa üstünlük verilir.
Memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan AZXEBER.COM-a açıqlamasında deyib ki, Keçmişdə memarlıq dövlətin, şəhərin və cəmiyyətin nüfuzunu nümayiş etdirən sənət sahəsi idi:

"Keçmişdə memarlıq yalnız funksional tikinti deyil, həm də dövlətin, şəhərin və cəmiyyətin nüfuzunu nümayiş etdirən sənət sahəsi idi. Buna görə fasadlarda, tavanlarda, sütunlarda və interyerlərdə əl işi ornamentlərə, heykəltəraşlıq elementlərinə və mürəkkəb dekorlara geniş yer verilirdi.
Müasir dövrdə isə memarlıq funksionallıq, sürətli tikinti, enerji səmərəliliyi, texniki xidmətin asanlığı və iqtisadi məqsədəuyğunluq istiqamətinə keçib. Yeni materiallar və sənaye üsulları daha təmiz xətlərin, sadə həndəsi formaların və minimalist məkanların yayılmasına səbəb olub”.
O qeyd edib ki, sadəlik keyfiyyətsizlik demək deyil:
"Ancaq sadəlik keyfiyyətsizlik demək deyil. Peşəkar minimalizm düzgün proporsiya, material, işıq və detal tələb edir. Problem dekorun azalması deyil; memarlıq ideyasının və estetik keyfiyyətin də aradan qalxmasıdır. Gələcəyin memarlığı keçmişin bütün dekorlarını təkrarlamamalı, lakin onun sənətkarlıq, fərdilik və şəhər kimliyi prinsipini qoruyub müasir texnologiyalarla birləşdirməlidir”.
Memar bildirib ki, hər iki halda binanın memarlıq dili olmalıdır:
"Keçmiş memarlıq detallarla danışırdı, müasir memarlıq isə forma və məkanla danışmalıdır; lakin hər iki halda binanın memarlıq dili olmalıdır”.
Şahanə Ziyad










































