Məcnun Məmmədov ölkədə su qıtlığının olmadığını deyir - ekspertlər isə həyacan təbili çalır

Məcnun Məmmədov ölkədə su qıtlığının olmadığını deyir - ekspertlər isə həyacan təbili çalır
SOSİAL
16:03 06.05.2026
567
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün "İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları” adlı paneldə çıxışı zamanı Azərbaycanın su qıtlığı problemi yaşamadığını bildirib.

Lakin mütəxəssislər ölkədə su ehtiyatlarının məhdud olduğunu və gələcəkdə vəziyyətin daha da kəskinləşə biləcəyini qeyd edirlər.

Rəsmi məlumatlara görə, ölkənin ümumi su ehtiyatları təxminən 31 kub kilometrdir, bunun yalnız 10 kub kilometri ölkə daxilində yaranır. Regiondakı su ehtiyatlarının isə təxminən 15 faizi Azərbaycanın payına düşür.

Ekoloq Fikrət Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, ölkəmizdə su qıtlığı problemi mövcuddur:

"Ölkəmizdə su qıtlığı problemi var. Lakin bu qıtlıq iqlimlə əlaqəli deyil. İlk növbədə sudan səmərəli istifadə olunmalıdır. Bunun üçün hər yerdə, xüsusilə kənd ərazilərində kiçik su anbarları yaratmaq lazımdır.

Çünki payız və qış aylarında yağan yağış və qarın əriməsi nəticəsində su sürətlə axaraq Xəzər dənizinə tökülür.  

Azərbaycanda cəmi 10 km-lik su ehtiyatlarının olması böyük rəqəmdir. Bu resurslardan səmərəli və düşünülmüş şəkildə, dövlət proqramı çərçivəsində istifadə olunarsa, su qıtlığının qarşısını almaq mümkündür”.

Ekoloq vurğulayıb ki, kiçik su anbarlarının yaradılması suyun lazım olan vaxtda istifadəsinə imkan verəcək:

"Kiçik su anbarlarının yaradılması kənd təsərrüfatında suyun lazım olan vaxtda istifadəsinə imkan verəcək. Bunun həm də başqa bir mühüm faydası var. Belə anbarlar yeraltı suların səviyyəsinin qorunmasına kömək edir. Azərbaycanda hazırda qar və buzlaqların əriməsi müşahidə olunur. Bu proses yeraltı suların səviyyəsinə birbaşa təsir göstərir. Qarın əriməsi zamanı suyun bir hissəsi yeraltı sulara hopur, bir hissəsi isə ya sel əmələ gətirir, ya da birbaşa dənizə axıb gedir. Digər tərəfdən, hazırda suvarma əsasən açıq kanallar vasitəsilə həyata keçirilir və bu sistemlərdə suyun yalnız 25-30 faizi səmərəli istifadə olunur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR