Mənzil almağa tələsin: 2027-ci ildə qiymətlər bu qədər artacaq

Mənzil almağa tələsin: 2027-ci ildə qiymətlər bu qədər artacaq
SOSİAL
14:51 22.10.2026
256
Son illər Azərbaycanda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı mənzil almaq istəyən vətəndaşları düşündürən əsas məsələlərdən birinə çevrilib. Xüsusilə paytaxt Bakıda yeni tikililərə tələbatın artması və mənzillərin bahalaşması fonunda 2027-ci ildə bazarda vəziyyətin necə olacağı maraq doğurur.

Bəs gələn il Azərbaycanda mənzil qiymətlərinin daha da artması gözlənilirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc AZXEBER.COM-a açıqlamasında deyib ki, 2027-ci ildə də mənzil qiymətlərinin artımı gözlənilir:

""2027-ci ildə də mənzil qiymətlərində artım gözlənilir. Bunun əsas səbəbi tikintinin maya dəyərinin yüksəlməsidir. Belə ki, inşaat materiallarının bahalaşması, işçi qüvvəsinin əməkhaqqının artması, tikinti ilə bağlı digər xərclərin çoxalması, tikinti normativlərinin mürəkkəbləşməsi və torpaq sahələrinin qiymətinin davamlı yüksəlməsi mənzillərin qiymətinə birbaşa təsir göstərir. Bu tendensiyanın 2027-ci ildə də davam edəcəyi proqnozlaşdırılır. 2026-cı ilin son üç ayında mənzil qiymətlərinin 5 faiz, torpaq sahələrinin isə 8 faiz bahalaşacağı gözlənilir”.


V. Oruc deyib ki, mənzil qiymətlərində artım yeni layihələrin icra olunduğu ərazilərdə baş verəcək:

"Ümumi götürdükdə isə son 4 ilin təcrübəsi onu göstərir ki, hər il təqribən 10-15, bəzi hallarda 20%-ə yaxın mənzil qiymətlərində artım meydana gəlir. Növbəti 2027-ci il üçün proqnozlar ehtiyatlı proqnozlardır. Çünki iqtisadi aktivlik ötən illərə nisbətən yüksək olmadığı üçün bazarda da tələbin buna müvafiq olaraq aşağı olma ehtimalı var. Amma bununla belə düşünürəm ki, 2027-ci ildə də qiymətlər 10-15% arasında yerindən asılı olaraq dəyişə bilər. Mənzil qiymətlərində artım əsasən yeni layihələrin icra olunduğu ərazilərdə baş verəcək”.

O qeyd edib ki, köhnə binaların da qiymətlərin artma ehtimalı var: 

"Köhnə binalarda qiymətlər isə yeni binalardan fərqli olaraq təqribən 5-7% civarında artıma məruz qalma ehtimalları var. Amma bu da yerinə görə dəyişəcək, bayaq qeyd etdiyim kimi köhnə binalar, mərkəzdə olan köhnə binalar ola bilsin ki, daha artıq qiymət artımına məruz qalsın”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR