Məzuniyyətdə olan işçinin işi başqasına verilərsə… – Vəkildən açıqlama

Məzuniyyətdə olan işçinin işi başqasına verilərsə… – Vəkildən açıqlama
SOSİAL
15:55 19.08.2026
253
İşçilərin əmək məzuniyyətinə çıxması zamanı onların vəzifə və işlərinin necə icra olunması məsələsi tez-tez müzakirə olunur.

Bəzi hallarda məzuniyyətdə olan əməkdaşın işlərinin digər işçiyə həvalə edilməsi zərurəti yaranır. Bu zaman isə əlavə iş yükünün qarşılığında əməkdaşa ödənişin verilib-verilməməsi və belə tapşırıqların hansı qaydada rəsmiləşdirilməsi sual doğurur.

Digər tərəfdən, məzuniyyətdə olan işçidən işlə bağlı tapşırıqları yerinə yetirməsinin tələb olunub-olunmaması da çalışanları maraqlandıran məsələlərdəndir.

Bəs qanunvericilik bu hallarla bağlı nə deyir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov bildirib ki, məzuniyyətdə olan işçinin əmək funksiyalarının başqa əməkdaşa müvəqqəti həvalə edilməsi mümkündür:

"Bəli, işçi əmək məzuniyyətində olduğu müddətdə onun əmək funksiyalarının başqa əməkdaşa müvəqqəti həvalə edilməsi mümkündür. İşəgötürən iş prosesinin fasiləsizliyini təmin etmək üçün məzuniyyətdə olan əməkdaşın işlərini digər işçi vasitəsilə təşkil edə bilər. Lakin burada əsas hüquqi məsələ həmin əməkdaşa öz vəzifəsi ilə yanaşı, başqa vəzifə üzrə əlavə əmək funksiyasının həvalə edilməsidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, əmək münasibətlərində işçinin əmək funksiyası və iş şəraiti əmək müqaviləsi ilə müəyyən edilir. Buna görə də başqa işçinin vəzifələrinin müvəqqəti icrası sadəcə şifahi göstəriş formasında deyil, əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Xüsusilə işçinin öz əsas işini davam etdirməklə yanaşı, məzuniyyətdə olan əməkdaşın da vəzifələrini yerinə yetirməsi onun faktiki iş yükünün və məsuliyyətinin artması deməkdir”.

Hüquqşünas qeyd edib ki, belə hallarda əlavə ödəniş məsələsi də nəzərə alınmalıdır:

"Əgər işçi öz əsas əmək funksiyasını yerinə yetirməklə yanaşı, müvəqqəti olaraq işdə olmayan əməkdaşın vəzifələrini də icra edirsə, bu əlavə əmək yükü kimi qiymətləndirilməli və müvafiq qaydada ödənilməlidir. Əmək Məcəlləsi peşələrin və vəzifələrin əvəz edilməsi, eləcə də müvəqqəti işdə olmayan işçinin əmək funksiyasının yerinə yetirilməsi zamanı əməyin ödənilməsini nəzərdə tutur. Burada prinsip çox aydındır: işçinin üzərinə əmək müqaviləsində nəzərdə tutulan əsas vəzifələrindən əlavə real iş və məsuliyyət qoyulursa, bunun əməkhaqqında da qarşılığı olmalıdır. Əlavə ödənişin konkret məbləği isə işin xarakterindən, həcmindən və tətbiq olunan əmək münasibətlərindən asılı olaraq qanunvericiliyə uyğun müəyyən edilməlidir”.

Roman Qaraşov vurğulayıb ki, məzuniyyətdə olan əməkdaşın bütün iş yükünün başqa işçiyə əlavə ödənişsiz həvalə edilməsi düzgün yanaşma deyil:

"İşəgötürənin bir əməkdaşın məzuniyyətdə olmasını əsas gətirərək onun bütün iş yükünü digər işçiyə həvalə etməsi və əlavə əməyin ödənilməsi məsələsini ümumiyyətlə nəzərə almaması əmək qanunvericiliyinin mahiyyətinə uyğun yanaşma hesab edilə bilməz”.

Vəkil məzuniyyətdə olan işçidən iş tapşırıqlarının yerinə yetirilməsinin tələb olunmasına da münasibət bildirib:

"Məzuniyyətdə olan işçinin özündən isə, bir qayda olaraq, işlə bağlı tapşırıqların icrasını tələb etmək düzgün deyil. Əmək məzuniyyətinin hüquqi mahiyyəti işçinin əmək funksiyalarının icrasından azad edilərək istirahət etməsidir. Əmək Məcəlləsi işçilərin istirahət və məzuniyyət hüququnu təmin edir və işəgötürən həmin hüququn faktiki həyata keçirilməsinə şərait yaratmalıdır. Buna görə məzuniyyətdə olan əməkdaşa mütəmadi zənglərin edilməsi, hesabat hazırlamasının, sənəd göndərməsinin, işgüzar yazışmalara cavab verməsinin və ya digər əmək tapşırıqlarını yerinə yetirməsinin tələb olunması məzuniyyət hüququnun mahiyyəti ilə uzlaşmır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR