Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 460 cinayət qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə ölkədə ümumilikdə 15 420 cinayət hadisəsi qeydə alınıb. Onların 28,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz azdır.
Narkotiklərlə bağlı cinayətlərin 73 faizini satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanılması, hazırlanması, emalı və daşınması təşkil edib.
Cinayətlərin 24,6 faizi həmin əməllərin satış məqsədilə törədilməsi, eləcə də narkotik vasitələrin istehsalı, göndərilməsi və qanunsuz satışı ilə bağlı olub. Daha 1,7 faiz narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası, 0,7 faiz isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 2 853 şəxs müəyyən edilib. Onların 44,2 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz artıb.
Eyni zamanda, narkotiklərlə bağlı cinayətlərin 1 386-sı narkotik aludəçiləri tərəfindən törədilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalıb.
Bundan başqa, cari ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 011 inzibati xəta qeydə alınıb.










































