Nizami metrostansiyasında sərnişinlər niyə sonuncu vaqonlara yönləndirilir? - AÇIQLAMA

Nizami metrostansiyasında sərnişinlər niyə sonuncu vaqonlara yönləndirilir? - AÇIQLAMA
SOSİAL
12:29 21.04.2026
736
Son günlər Bakı Metropoliteninin bəzi stansiyalarında, xüsusilə Nizami metrostansiyasında əməkdaşların günün müəyyən saatlarında arakəsmələrdə dayanaraq sərnişinləri qatarın sonuncu vaqonuna yönləndirdiyi müşahidə olunur.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən AZXEBER.COM-a bildirilib ki, eskalatordan orta zala daxil olan sərnişinlər əsasən ilk pilonlarda cəmləşirlər:

"Mart ayından etibarən axşam saatlarında tətbiq edilən 36 cütlük hərəkət qrafiki sərnişin sıxlığı müşahidə olunan stansiyalarda öz effektiv nəticəsini göstərməkdədir. Bununla belə, "Nizami" stansiyasında aparılan müşahidələr zamanı sərnişinlərin platforma boyu qeyri-bərabər paylanması səbəbindən süni sıxlıq hallarının yaşandığı müəyyən edilib. Belə ki, eskalatordan orta zala daxil olan sərnişinlər əsasən ilk pilonlarda cəmləşir və platforma boyunca irəliləmirlər. Bu vəziyyət qatarların 2-ci və 3-cü vaqonlarının həddindən artıq yüklənməsinə, sonuncu vaqonların isə boş qalmasına gətirib çıxarır. Vaqonlara minə bilməyən sərnişinlərin qapıları saxlaması isə qatarların hərəkət qrafikindən geri qalmasına və stansiyada süni sıxlığa səbəb olur”.

Qeyd olunub ki, sözügedən hal sərnişinlərin platforma boyunca bərabər paylanmasını təmin etməkdir:

""Nizami” stansiyasında, eləcə də digər stansiylarda metro əməkdaşlarının sərnişinləri qatarın sonuncu vaqonlarına yönləndirməkdə məqsədi məhz sərnişinlərin platforma boyunca bərabər paylanmasını təmin etməkdir. Aparılan texniki hesablamalar sübut edir ki, sərnişinlər platforma boyu düzgün paylandıqları təqdirdə, hazırkı qrafiklə hərəkət edən qatarların sayı sərnişin tələbatını tam qarşılamaq üçün kifayətdir. Görülən bütün tədbirlər sərnişinlərin daha rahat və təhlükəsiz səyahət etmə imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır”.

"Sərnişinlərimizdən xahiş edirik ki, stansiya ərazisində sərnişin axınının tənzimlənilməsi çərçivəsində əməkdaşlarımızın çağırışlarına və göstərişlərinə əməl etsinlər”,-deyə açıqlamada bildirilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR