Paşinyan Rusiyaya meydan oxudu: Ermənistan KTMT-dən birdəfəlik üz döndərir?

Paşinyan Rusiyaya meydan oxudu: Ermənistan KTMT-dən birdəfəlik üz döndərir?
SİYASƏT
10:58 06.11.2026
112
"Ermənistanın bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı heç bir marağı ola bilməz”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın baş katibi Talatbek Masadıkovun üzvlük haqqını ödəmədiyinə görə Rusiyanın İrəvanın KTMT-dən çıxarılması ilə bağlı layihə təqdim etməsi barədə bəyanatını şərh edərkən deyib.

"Artıq marağımız azalıb. Birdəfəlik bildirirəm: bundan sonra KTMT ilə bağlı heç bir marağımız yoxdur”, - Baş nazir qeyd edib.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bu bəyanatı İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərini hüquqi və faktiki olaraq tamamilə kəsdiyini rəsmiləşdirir və ölkənin xarici siyasətində kəskin strateji dönüşdən xəbər verir:

"Ermənistanın 2024-cü ildən bəri təşkilatdakı iştirakını dondurması və son olaraq üzvlük haqlarını ödəməməsi fonunda, KTMT-nin baş katibi Taalaibek Masadıkov Rusiyanın İrəvanın səs hüququnun məhdudlaşdırılması və ya çıxarılması ilə bağlı layihə hazırladığını bəyan etmişdi. Paşinyan isə buna cavab olaraq ölkəsinin blokla heç bir marağının qalmadığını və Rusiyanın bu addımını dəstəklədiyini bildirib. Ermənistanın hazırkı siyasi kursu Moskvadan tam və geri dönməz şəkildə uzaqlaşmağa yönəlib, lakin bu ayrılıq hərbi-siyasi və iqtisadi müstəvidə fərqli templərlə gedir. İrəvan hərbi təhlükəsizlik formatında Rusiya ilə yolları ayırır. Paşinyan bəyan edib ki, ölkəsi nəinki KTMT-yə qayıtmayacaq, hətta təşkilatın Ermənistanın üzvlüyünə rəsmən xitam verməsindən məmnun olacaq. Ermənistan artıq sürətlə Qərbə inteqrasiya edir və Paşinyan ölkəsinin 2027-2028-ci illərdə Avropa İttifaqına tam üzvlük müraciəti etməsinin tamamilə real olduğunu vurğulayır. Hərbi sahədə iplər qopsa da, Paşinyan Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə hələlik rəsmi bir prosedur başlatmadığını qeyd edir. Çünki ölkə iqtisadiyyatı, enerji resursları və ticarət dövriyyəsi baxımından hələ də ciddi şəkildə Rusiyadan asılı vəziyyətdədir”.


Müsahibimiz əlavə edib ki, Moskva KTMT nizamnaməsinin 25-ci maddəsini əsas gətirərək Ermənistanı təşkilat daxilində səs hüququndan məhrum etməyə və ya onu tamamilə blokdan kənarlaşdırmağa hazırlaşır:

"Rusiya rəhbərliyi nümayiş etdirmək istəyir ki, təşkilatdan çıxan tərəf Ermənistandır və bu proses İrəvanın öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən baş verir. Kreml Paşinyan hakimiyyətinin bu kəskin Qərbmeyilli gedişlərinə cavab olaraq İrəvana qarşı ticarət məhdudiyyətləri, qaz təchizatında tariflərin qaldırılması və ya Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar tətbiq edə bilər. Moskva Ermənistan daxilində Paşinyanın xarici siyasi kursuna qarşı yaranan narazılıqlardan istifadə etməyə çalışır. Məhz bu ərəfədə Ermənistanda 12 müxalif partiyanın Paşinyanın siyasətinə qarşı birləşərək koalisiya qurması diqqət çəkir. Kreml gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarilərinə və İrəvanı yenidən öz orbitinə qaytara biləcək qüvvələrə siyasi dəstək verməkdə maraqlı olacaq”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR