Son günlər "hantavirus” infeksiyasına dair şübhəli və təsdiqlənmiş yoluxma hallarının müxtəlif ölkələrdə müşahidə edildiyi bildirilir. Hələlik rəsmi olaraq genişmiqyaslı yayılma və ya pandemiya səviyyəsində təhlükə elan olunmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "hantavirus” infeksiyaları ilə bağlı mümkün artım və epidemioloji vəziyyəti izləmək üçün bir sıra ölkələrlə əlaqə saxladığı iddia olunur. Məlumata görə, prosesə Almaniya, ABŞ, Türkiyə, Kanada, İsveç, İsveçrə və digər ölkələr daxil olmaqla ümumilikdə 12 dövlət cəlb edilib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu virusun pandemiya yaratma potensialı yoxdur:

"Hazırda "hantavirus”un COVID-19 kimi pandemiya yaratma potensialı yoxdur.
"Hantavirus” gəmiricilərdə yaşayan bir virusdur və insana əsasən gəmiricilərin sidiyi, ağız suyu və ekskrementləri vasitəsilə keçir. Buna görə də gəmiricilərin çoxluğu mühüm əhəmiyyət daşıyır. Əgər diqqət etsəniz, ilk yoluxma hallarında da məhz bu amillər əsas səbəb olub”.
O qeyd edib ki, "hantavirus” insanlarda çox ağır respirator problemlərə səbəb olur:
"Bəzi bölgələrdə siçan və siçovulların sayı çox olur. Müxtəlif şəraitlərdə onların ekskrementlərindən havaya qalxan toz hissəcikləri insanların tənəffüs yollarına düşə bilər. Eyni zamanda həmin hissəciklər yataq dəstlərinə və müxtəlif əşyalara da yayıla bilər ki, nəticədə yoluxma baş verir. "Hantavirus” insanlarda çox ağır respirator problemlərə səbəb olur. O cümlədən kardio-pulmonar ağırlaşmalar yaradır. Bu ağırlaşmalar isə bəzi mənbələrə görə 38 faiz, bəzi mənbələrə görə isə 40 faizdən çox ölüm hallarına səbəb olur.
Bu virus insanlar üçün təhlükəlidir. Buna görə də mümkün qədər vaxtında lokallaşdırılmalı və ciddi tədbirlər görülməlidir”.
A.Qeybulla vurğulayıb ki, yoluxma halı aşkarlanan zaman xəstələr dərhal izolyasiya edilməlidir:
"Siyahıda adı çəkilən ölkələrin səhiyyə sistemləri kifayət qədər inkişaf edib və onlar Ümümdünya Səhiyyə Təşkilatının, eləcə də aparıcı profilaktika və müalicə mərkəzlərinin tövsiyələri əsasında fəaliyyət göstərirlər. Buna görə də həmin ölkələrdə bu məsələlər xüsusi diqqət mərkəzindədir. COVID-19 pandemiyası zamanı da əsas problemlər səhiyyə sistemində ciddi çatışmazlıqlar olan ölkələrdə yaşanırdı. Buna görə də infeksiyanın vaxtında lokallaşdırılmaq mümkün olmadı. Yoluxma halı aşkarlanarsa, xəstələr dərhal izolyasiya edilməli, karantin tədbirləri görülməlidir”.
Şahanə Ziyad











































