Marketdən ərzaq məhsulu alan zaman istehlakçıların diqqət etdiyi əsas məsələlərdən biri məhsulun yararlılıq müddətidir.
Lakin məhsulların rəflərdə vaxtının keçib-keçmədiyinin mağaza əməkdaşları tərəfindən əl ilə yoxlanılması prosesin nə dərəcədə effektiv olması ilə bağlı suallar yaradır.
Qeyd edək ki, dünyanın bəzi ölkələrində məhsulların yararlılıq müddətinin izlənilməsi üçün müasir texnologiyalardan istifadə olunur.
Məsələn, Rusiyada bəzi məhsul kateqoriyalarında xüsusi markalanma kodları tətbiq edilir və həmin məhsullar "Честный знак” dövlət sistemi vasitəsilə izlənilir. Məhsul kassada skan edilərkən onun satışa icazəli olub-olmadığı yoxlanılır. Əgər məhsulun yararlılıq müddəti bitibsə, sistem onun satışını bloklaya bilir.
Maraqlıdır, Azərbaycanda marketlərdə vaxtı keçmiş məhsullar necə müəyyən edilir və bu prosesdə avtomatlaşdırılmış sistemlərdən istifadə olunurmu?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda məhsulların yararlılıq müddətinin müəyyən edilməsi əsasən primitiv üsullarla həyata keçirilir:
"Hazırda məhsulların buraxılma tarixini, yararlılıq müddətini primitiv üsullarla müəyyən edirlər. Əməkdaşlar məhsulları yığırlar, bir yerə toplayırlar, distribüterə verirlər, distribüter də istehsalçı şirkətə qaytarır. Onların sonrakı taleyinin necə olduğu isə məlum deyil. Lakin ayrıca bir proqram var. Əgər Qida Təhlükəsizliyi Agentliyi və məhsul satan mağazalar şəbəkəsi istehlakçıların qayğısına qalırsa və yararlılıq müddəti keçmiş məhsulun rəfdə olmasına görə cərimələnməkdən qorxurlarsa, bu üsullar Azərbaycanda da tətbiq oluna bilər. Həmin proqramı quraşdıran, yaradan qurum Azərbaycanda mövcuddur. Proqram quraşdırılarsa, yararlılıq müddəti keçmiş məhsulun istehlakçıya satılmasının qarşısını almaq mümkündür”.

E.Hüseynov qeyd edib ki, sözügedən proqramın Qida Təhlükəsizliyi Agentliyinin serverinə inteqrasiya edilməsi də mümkündür:
"Mağazalarda quraşdırılmış proqram Qida Təhlükəsizliyi Agentliyinin serverinə inteqrasiya olunur. Beləliklə, Agentliyin mütəxəssisləri hansı məhsulun hansı marketdə yararlılıq müddətinin nə zaman bitməsi barədə məlumat əldə edə bilərlər. Bu halda yoxlamaların aparılması da asanlaşar və hər şey daha operativ şəkildə nəzarətdə saxlanılar”.
Ekspertin sözlərinə görə, Azərbaycanda belə bir sistemin yaradılması və quraşdırılması üçün imkan mövcuddur. Lakin mağazalar şəbəkələrinin bu istiqamətdə lazımi addımları atmaması problemin davam etməsinə səbəb olur:
"Bunu quraşdıran, bunu yaradan qurum Azərbaycanda mövcuddur. Çox təəssüflər olsun ki, istehlakçı hüquqlarına biganə olan biznes qurumları, o cümlədən mağazalar şəbəkəsi bu məsələni həll etmir. Onlar primitiv üsullardan istifadə edirlər”.
E.Hüseynov həmçinin istehlakçıların vaxtı keçmiş məhsullarla bağlı dövlət qurumlarına operativ məlumat verməsinin vacibliyini vurğulayıb:
"İstehlakçılar belə məhsullarla qarşılaşdıqda müvafiq dövlət orqanlarına operativ məlumat verməlidirlər. Əlbəttə, mən istehlakçıları daha yaxşı maarifləndirməliyəm ki, onlar bu məsələdə daha operativ olsunlar”.
Ekspert bildirib ki, mağazaların məsuliyyətinin artırılması və tətbiq edilən cərimələrin effektiv olması bu problemin həllinə təsir göstərə bilər:
"Əgər biznes qurumları, mağazalar şəbəkəsi müəyyən cərimələrə məruz qalırsa, yəqin ki, bu məsələ həll olunacaq. Təəssüf ki, vaxtı keçmiş məhsulların satışı müşahidə olunur. Xüsusilə ara marketlər və ümumiyyətlə təkcə marketlər yox, bazarlar da istehlakçılara köhnə malların satıldığı ən geniş yayılmış şəbəkələrdir”.
Fəridə Əsədzadə











































