"Sosial şəbəkədə təhqir yazanlar öz evindən bixəbər, zövqsüz gecənin məhsuludur"- Vüqar Muradovla müsahibə

MÜSAHİBƏ
16:49 15.03.2024
5450
AZXEBER.COM-un "Gəl danış" rubrikasının budəfəki müsahibi hər kəsin "Yeni Ulduz” yarışmasından tanıdığı, məşhur müğənni Vüqar Muradovdur. 
 
Kişinin başını aşağı edəcək bəzi mənfi xüsusiyyətlər var

- Niyə hər kəs Vüqarı sərt, acıdil, kobud biri kimi tanıyır? 

- Əsas odur ki, məni başqa cür tanımasınlar. Kişi deyiləndə onsuz da insanın ağlına kobud məxluq gəlir. İncəlik qadına məxsusdur. Kişinin başını aşağı edəcək bəzi mənfi xüsusiyyətlər var. O xüsusiyyətlərlə tanınmadığım üçün sevinirəm. Ancaq qətiyyən kobud biri deyiləm. Məni kobud biri kimi tanıdan aparıcılar və jurnalistlər olub. Məni özlərinə hədəf olaraq seçiblər. Reytinq yığmaq üçün də adımdan istifadə ediblər. Vüqarın incə damarından tutublar və görüblər ki, Vüqar onlar üçün hazır yemdir. Vüqara söz deyəcəyik, o isə cırnayacaq və aqressivləşəcək. Bundada uğurlu oldular. Kifayət qədər mənim üzərimdən reytinq qazandılar. Təbii ki, bu, onların işidir. Amma jurnalistlərin içində özünü fəda edib, azğınlaşmış olanlar da var. Mən şəxsən sənəti üçün özünü qurban verən insanları anormal olaraq qiymətləndirirəm. Sənətin varsa bundan gözəl istifadə et. Ancaq sənət üçün hərşeyi qurban verən insan artıq bütün dəyərlərini itirmiş insandır.
 
"Təhqir edənləri yiyəsiz, ailəsindən bixəbər, zövqsüz gecənin məhsulu adlandırıram"

- Bu aqressiyanız sosial şəbəkələrdə də özünü büruzə verir. Yazılan rəylərə də mənfi cavablar verirsiniz. Niyə səbrli ola bilmirsiniz?

- Səbrli ola bilmirəm. Çünki, mən o sözlərə layiq deyiləm. Nədə ki, o sözləri götürəcək biri deyiləm. Əvvəllər sosial şəbəkələri çox ciddiyə alırdım. İstər öz yaxınlarım olsun, istərsə də tamaşaçılar hər zaman tənqidə də açıq biriyəm. Çünki tənqid mənim üçün inkşaf deməkdir. Ancaq mən sosial şəbəkələrdə təhqir edən şəxsləri yiyəsiz adlandırıram. Ailəsinə hörmət qoymayan biri kimi tanıyıram. İnsan insanı sevməyə bilər. Bu normaldır. Ancaq sevmirsənsə izləmə. Təhqir niyə edirsən ki? İndi bəlkə də düşünür ki, müğənnidir, vecinə almayacaq. Mənim ailəmə və ya mənim şəxsiyyətimə söz deyən adama istənilən pisliyi edə bilərəm. Boğazından qursağını da çıxardaram o adamın. Çünki ailəm mənim qırmızı xəttimdir. Şəxsiyyət olaraq da elə özümün də qırmızı cizgisiyəm. Mən heç vaxt o təhqirlərə layiq olacaq hərəkətlər etməmişəm. Təhqir edənləri yiyəsiz, ailəsindən bixəbər, zövqsüz gecənin məhsulu adlandırıram.
 
"Oğlan üçün ananın yeri tam başqadır"

- Ailənizin qırmızı xəttiniz olduğunu dilə gətirdiniz. İllər öncə qəzada ananızı, bu yaxınlarda isə atanızı itirdiniz. Bu zaman hansı hissləri keçirirdiniz?

- 40 yaşıma çatmışam və indiyə qədər başımda 1 dənə belə olsa ağ tük yox idi. Mənim saçımı atam ağartdı. Atamı itirəndən sonra depressiyaya düşdüm, panika keçirdim. Bəlkə də, atam xəstə olsa idi, mənə bu qədər təsir etməzdi. Ancaq gözlənilmədən oldu deyə mənə bu qədər təsir etdi. Onun bu həyatda ən böyük arzusu mənim ailə həyatı qurmağım idi. Mən atam öləndə - 2023 cü ildən böyüməyə başladım. Atam ölənə qədər uşaq idim.  

- Hər iki valideyniniz öləndə yanlarında olmamısınız. Bu sizdə hansı fikri formalaşdırır? 

"Mən artıq uzun illərdir ki, Bakıda yaşayıram. Yanlarında olsa idim, bəlkə də mənə son bir sözləri olardı. Saman çöpünə də olsa əl atardım. İki valideyninin də ölüm xəbərini eşidib kilometrlərlə yol getmək çox ağırdır. Elə o yolu gedəndə saçın ağardı.

- Valideynlərinizdən birini görmək şansınız olsaydı, hansını seçərdiniz? 

Belə bir şansım olsaydı anamı görmək istərdim. Sözsüz ki, onlar arasında fərq qoymamışam. Bəlkə də kimsə qınaya bilər. Amma oğlan üçün ananın yeri tam başqadır. Mən bu yaşda belə burdan Qaxa gedəndə anamı qucaqlayıb, onunla yatırdım. O, məni yoxdan var etdi. Bütün analar gözəldir. Bütün cəfakeş, qeyrətli, övladının başını uca edən anaların əllərindən öpürəm". 
 
 "Qadınla qaynana bir evdə qalanda arada hörmət qalmır"

Bu yaşa qədər ailə qurmamağınızın səbəbi nədir? 

- Əvvəla tərəzi bürcüyəm ona görə, ikincisi isə Qaxlı olduğum üçün. Özümü heç vaxt alçaltmağı sevməmişəm. Mən ən böyük dəyərəm. Kiminsə məni əzməsinə icazə vermərəm. Nə də özüm heç kimi əzmərəm. Mənim buna haqqım yoxdur. Qürurum sındığı gün mən ölüyəm".  

- Bildiyim qədərilə iki dəfə nişanlı olmusunuz. Bu dövr barədə nə danışa bilərsiniz?

- Bəli, bu çoxdan olub. Rəhmətlik atam mənə görə çox elçi gedib. Həmişə deyərdi ki, "ay oğul, elə elçi gedirəm, yenicə isnişirəm, qudam deyib bağrıma basıram ki, sən yeni bir sürpriz edirsən. 

- Həmişə tərk edən tərəf siz olmusunuz, yoxsa sizi də tərk ediblər? 

Hər zaman tərk edən tərəf mən olmuşam. Çünki tələsmişəm. Qarşıma çıxan insanlar pis insan olmayıblar. Sadəcə alınmayıb. İndi tərk etdiklərimin hamısı evləniblər. Xoşbəxtdilər. Aralarında boşanan da var. Ona mən xeyir-dua verməmişdim. İndi peşmanam xeyir-dua vermədiyimə görə. Mənim alqışımla yaranmayıb ki, qarğışımla nəsə olsun. Təbii ki, bu bir zarafatdır"

- Artıq 40 yaşınız var. Gələcəkdəki həyat yoldaşınızın necə biri olmasını istəyərdiniz?

- Həyat yoldaşım çalışqan xanım olmalıdır. Düşünürəm ki, qadın mütləq işləməlidir. Qadın nə qədər evdə otursa o qədər çox qeybətcil olacaq, bir o qədər problemlər yaradacaq. Hərşeydən bezəcək. Ən gözəli odur ki, qadın da kişi də çalışsın. Baxıcı tut, uşağa baxsın. Qadınla qaynana bir evdə qalanda arada hörmət qalmır. Nə qədər qaynana desə ki, mən gəlinimə anayam, bu sadəcə boş söhbətdir. Qaynana heç vaxt ana ola bilməz. Hər bir ana oğul övladını gəlininə qısqanır".
 
"Efirə çıxıb öz ailəsi haqqında danışan kişini kişi hesab etmirəm"

- Hazırda bir çox telekanallarda bəzi sosial verilişlər var ki, insanlar o verilişlərə çıxıb öz ailədaxili məsələlərini müzakirə edirlər. Onlara münasibətiniz necədir? 

- Bu tip verilişlərə münasibətim çox iyrəncdir. Elə verilişləri qınayıram. Düşünürəm ki, bu cür verilişlər ümumiyyətlə bizim cəmiyyətimizdə olmamalıdır. Onlara elə gəlir ki, bu cür hərəkətləri etməklə cəmiyyətə hansısa xeyirləri dəyir. Əksinə. Əvvəllər bu hadisələr gizli olardı. Gizli də ört-basdır edilərdi. Ümumiyyətlə efirə çıxıb öz ailəsi haqqında danışan kişini kişi hesab etmirəm. Yoldaşının kiminləsə qaçmağını kişi özünə ayıb bilməlidir. Hələ arada bağışlamaq varsa, bu kişiliyin süqutudur. O verilişlərin aparıcılarına da ayıb olsun deyirəm. Bununla çörək qazanmaq və o çörəyi evinə aparmaq dəhşətdir. Sənin bununla cəmiyyətə heç bir faydan toxunmur. Sən cəmiyyət üçün pis bir örnəksən. Asan yol tapıb pul qazanırlar. Başqa kanallara baxırlar və həmin kanala çıxanlardan daha da pis vəziyyətdə olanları efirə çıxardırlar. Vicdan məsələsidir də bu. Şoular yaradırlar. Zorla sağlam adamı gətirib xəstələndirirlər. Azərbaycan tamaşaçısı çox safdır. Ürəyi də təmizdir. Nə versən, yeyir. Çıxırlar efirə: "Bütün tamaşaçılarımı salamlayıram. Sizi çox sevirəm. Sizə qurban olaram” Vallah yalandır. Vicdanım haqqı yalandır. Bir insan ki, olduğu kimi yaşaya bilmir, o insanın başını burax getsin. Mən özümə söz vermişəm. Hər hansı bir verilişə gedəndə qabaqcadan şərt kəsirəm. Suallar olmasın deyirəm. Xüsusilə də "Niyə evlənmirsən?” sualı. Sənə nə? Buna görə də çoxunu çörəksiz qoymuşam. Kim ki mənə çörək gözündə baxırsa, qoy elə çörəksiz qalsın. Məni həkimlə, psixoloqla eyni verilişə çağırırlar. Axı mənim bağırsaq həkimi ilə eyni verilişdə nə işim var?

- Açıqsözlülüyünüz başınıza bəla olub? 

- Yox. Niyə başıma bəla olsun? O insanlar mənim başıma bəla açacaq çərçivədə insanlar deyillər. Mən ölkəmi də, insanlarını da sevirəm. Onlara mənfi təsir edən hər kəsi qınayacam. Uşağını atanları və s. o qədər insan çıxardırlar efirə. Guya ki, onlara canları yanır. Mənə belə şeylər çox qeyri-səmimi gəlir. O aparıcıların heç birinin orada olanlara yazığı gəlib etmir. Sadəcə reytinq xətrinə edirlər. Mən şəxsən gedib hamballıq edərdim onun yerinə. Amma vicdanımı itirməzdim. Mənim üçün başı dik yaşamaqdan böyük var-dövlət yoxdur". 

- Plastik əməliyyat etdirən qadınlara münasibətiniz necədir? 

"Bir qadının ola bilər ki, çox kiçik dodaqları olsun. Heç kim komplekslə yaşamaq məcburiyyətində deyil. Türk aktrisalarına baxın. Onlardan hansı olduğundan çox böyük dodaq etdirir? Etdirdikləri də üzlərinə yaraşır. Kompleksli olmaq insanın bütün özgüvənini aşağı salır. Həyat enerjin aşağı düşür. Özünü sevməməyə başlayırsan. Həkimləri eyni olur, baxırsan ki, sifətlər eyni, burun eyni, qaş eyni. Bu gün cavan qızlarımız "tırkaya gedir”. Açırsan sosial medianı, baxırsan ki, sifət eyni sifətdir, ad eyni ad deyil. Özü də əməliyyata dadandılarsa, davamlı gedir. Yuxarıdan aşağı doğru gedirlər. Bu artıq psixoloji xəstəlikdir. Niyə Avropada hər ailənin bir psixoloqu var? Bizdə psixoloq deyəndə deyirlər ki, "dəlisən?”. Mən axı psixiatr demədim. Bizdə psixoloq anlayışı yoxdur deyə, cinayətlər çoxdur. Qeyri-insani hərəkətlər, təcavüzlər və s. doludur. Çünki psixoloq yanına getmir".

"İnsanların musiqi zövqünü korlayıblar"

- Trend süni şəkildə yaradılır. Sizin bu mülahizəylə bağlı fikirləriniz maraqlıdır.

- İndi tamaşaçının zövqünü o qədər korlayıblar ki, keyfiyyətli bir şeyə qulaq asanda beyni yorulur. Ağır xəstəliyə məruz qalmış mahnıları,  Bəsit mahnıları tamaşaçı tez qəbul edir. Heç bir mahnının dərinliyinə varmaq istəmir".

- Sizcə, tamaşaçı niyə bəsit mahnıları bəyənir? Axı xalqın gözü həm də tərəzidir...

- Xeyr. Tərəzi filan deyil. Xalqın gözü tərəzi olsa idi, o mahnılar bu qədər sevilməzdi. Xalq sadəcə çox safdır. Xalqın musiqi zövqü korlanıb. Ən böyük günahkar isə televiziyalardır. İnsanların musiqi zövqünü korlayıblar.

- Toy repertuarlarının efirdə səslənməsinə necə baxırsınız? 

"6/8 toy repertuarı deyil. 6/8 bizim milli ritmimizdir".  

- Bu tərzdə musiqiləri ən çox tənqid atəşinə tutulanlardan biri də Üzeyir Mehdizadədir. Amma Üzeyirin konsertindəki izdihamlara da şahid oluruq. Bunu nə ilə əlaqələndirirsiniz? 

"Üzeyirin xətrini mən çox istəyirəm. Xüsusilə ad çəkmək də istəmirəm. Mən ümumi danışıram. Ümumi qınayıram". 

- Bu qədər qınanan bir insan dünyanın bir çox ölkələrində tanınır. Peşəkar musiqi təhsili almış biri kimi bunu necə izah edə bilərsiniz?

"Heç bir Avropa ölkəsi bunu qəbul edə bilməz. Edən ölkələr Özbəkistan, Türkiyə ola bilər. Onlar isə elit təbəqənin insanları deyil. Türkiyədə cahil Azərbaycandan 5 qat artıqdır. Sən sənətçisənsə, maksimum dərəcədə səliqəli danışmalısan. Söhbət təbii ki, burada Üzeyirdən getmir. Azərbaycan dilini vAzərbaycan hərflərini qətlə yetirməməlisən. Bu tip bəsit mahnılar oxuyub, milyonlar qazana bilərəm. Amma mən bunu etmirəm".
 
- Özünüzü heç sənətə qurban vermisiniz? 

- Mən niyə özümü sənətimə qurban verim? Bu gün, sabah müğənni olmaya bilərəm. Müğənni elə bir şeydir ki, sabah sənin səsin olmaya bilər. O zaman məcbur qalıb başqa sahəyə yönəlməlisən. Odur ki, mən sənətimə özümü qurban verə bilmərəm.

Aysel Hacızadə
Həsən Quliyev

OXŞAR XƏBƏRLƏR