TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?

TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
SOSİAL
15:09 10.07.2026
391
İyulun 7-də TƏBİB-in icraçı direktoru Anar Bayramovun qurumun tabeliyində fəaliyyətə başlayan həkim-rezidentlərlə görüşü zamanı çəkilən fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yayılan fotolarda əmək fəaliyyətinə başlayan rezidentlərin hamısının qadınlardan ibarət olması diqqət çəkib. 

Bu isə Azərbaycanda tibb sahəsində qadınların sayca üstünlük təşkil etməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bəs ölkədə tibb sahəsində qadınlar həqiqətən də çoxluq təşkil edirmi?

Mövzu ilə bağlı AZXEBER.COM-un sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən bildirilib ki, 2016-2025-ci illər ərzində universitetə ümumilikdə 9 min 29 nəfər qəbul olunub. Onlardan 5 min 880-i qadın, 3 min 149-u isə kişi olub.

Universitetdən verilən məlumata görə, eyni dövrdə təkrar ali təhsil üzrə ümumilikdə 295 nəfər qəbul edilib. Onlardan 225-i qadın, 70-i isə kişi olub.

Rəsmi statistika son on ildə Azərbaycan Tibb Universitetinə qəbul olunan tələbələr arasında qadınların sayca üstünlük təşkil etdiyini göstərir.

Bu tendensiyanın arxasında hansı amillər dayanır?

AZXEBER.COM-a danışan tibb eksperti Şahvələd Məmmədov bildirib ki, son illərdə Azərbaycanda qızların tibb sahəsinə marağının artması bu sahədə qadınların sayca üstünlük təşkil etməsinə təsir edən əsas amillərdən biridir:

"Ümumilikdə, müşahidə etdiyimiz mənzərə də bunu təsdiqləyir. Nəzərə alsaq ki, Azərbaycanda milli mentalitetin də təsiri ilə son illərdə ailələr qız övladlarını daha çox tibb sahəsinə yönləndirirlər, mən də həkim kimi bunun şahidiyəm. Digər tərəfdən, oğlanlar biznes və digər sahələrə daha çox maraq göstərirlər. Bu səbəbdən onların tibb ixtisaslarını seçmə meyli qızlarla müqayisədə daha aşağıdır. Ona görə də hazırkı mənzərəni təbii hesab etmək olar".


Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR