Təhsil Nazirliyi qarlı havada dərsləri niyə təxirə salmır? - Şagirdlər dərsə gedib, atom parçalayacaq?

Təhsil Nazirliyi qarlı havada dərsləri niyə təxirə salmır? - Şagirdlər dərsə gedib, atom parçalayacaq?
SOSİAL
12:50 27.02.2025
980
Fevral ayının 23-dən etibarən Bakı və regionlara qar yağır. Yağan qar yollarda problemlər yaratdığı kimi, təhsil sisteminə də təsirsiz ötüşmür. Belə ki, yağan qar yollarda buz təbəqəsinin yaranmasına, ictimai nəqliyyatın işində fasilələr yaratdığı üçün səhər 8-də dərsə gedən şagirdlərin də yolda qalmasına yaxud dərsə gecikməsinə səbəb olur. Bunun nəticəsi olaraq buzlu yollarda yıxılaraq xəsarət alanların sayı artır.

Bəs belə bir hava şəraitində təhsil sistemidə dərsləri online etmək mümkün deyilmi? 

Faktdır ki, hava şəraiti ilə əlaqədar bir çox valideyn övladını məktəbə göndərməkdən boyun qaçırır. Buzlu yollarda sığortalanmayan vətəndaş bu hava şəraitində nə etməlidir?

Təhsil eksperti Elçin Əfəndiyev AZXEBER.COM-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraiti ilə bağlı açıqlama verdiyi zaman Elm və Təhsil Nazirliyinin də müvafiq qərarlar qəbul etməli olduğunu deyib: 

"Bir neçə gündür fasilələrlə Bakıya qar yağır. Dünən də gecədən başlayaraq qar yağmağa başlayıb və hazırda davam edir. Bundan bir neçə gün əvvəl yağan qar zamanı neçə nəfərin buz bağlamış yollarda yıxılıb xəsarət aldığının şahidi olduq. Bura şagirdlər, müəllimlər və başqaları da daxildir. Hava şəraiti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama verəndə Elm və Təhsil Nazirliyi də açıqlamadan irəli gələrək müvafiq tədbirlərini görməlidir. Dərslərin başlamasından bir saat keçməsinə baxmayaraq insanlar dayanacaqlardan video paylaşaraq avtobusların gecikdiyini, bəziləri buz bağlamış yollara sürüşərək dərsə gəldiyini bildirir. 

O bildirib ki, Elm və Təhsil Nazirliyi dərsləri təxirə salmalı idi: 

"Bütün bunlar nəzərə alınaraq Elm Və Təhsil Nazirliyi dərsləri təxirə salıb, bu günün dərsini başqa bir günlə əvəzləməli, ya da online təhsil növünə keçməli idi. Başa düşə bilmirəm ki, niyə belə qərarlar alırlar. Türkiyədə yağan güclü qardan sonra bölgə-bölgə dərslərin təxirə salınması ilə bağlı qərarlar qəbul olunur. Bizdə bu qərar niyə qəbul olunmur çox maraqlıdır. Bir gün dərsə getməklə paytaxt və ya region məktəbliləri atomu parçalayacaqlarmı? Nəyə imza atacaqlar? Düşünürəm bu hava şəraitində onlinə təhsil tətbiq olunsa daha uyğun olardı”.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR