Son illərdə gözlərin daha ifadəli görünməsi üçün istifadə olunan kosmetik prosedurlar arasında kirpik qaynağı da geniş yayılıb.
Təbii kirpiklərə süni kirpiklərin xüsusi yapışdırıcı vasitələrlə birləşdirilməsi ilə həyata keçirilən prosedur qısa müddətdə daha uzun və sıx kirpik görünüşü yaradır.
Lakin estetik məqsədlə edilən bu prosedurun göz və göz ətrafındakı dəri üçün müəyyən riskləri də mövcuddur. Tibbi ədəbiyyatda kirpik qaynağından sonra allergik blefarit, konyunktivit, buynuz qişanın zədələnməsi, göz səthində qıcıqlanma və təbii kirpiklərin tökülməsi kimi hallar təsvir edilib.
AZXEBER.COM xəbər verir ki, kirpik qaynağında istifadə olunan yapışdırıcıların əksəriyyəti sianoakrilat əsaslı olur. Bu maddələr bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər. Bundan əlavə, bəzi yapışdırıcıların formaldehid buraxdığı müəyyən edilib.
Yapışdırıcının buxarlarının və ya tərkibindəki maddələrin göz səthinə təsiri nəticəsində gözlərdə yanma, qaşınma, qızartı, sulanma və işığa həssaslıq yarana bilər. Bəzi hallarda isə göz qapaqlarında şişkinlik və iltihab meydana çıxa bilər. Bu əlamətlər prosedur zamanı deyil, bir neçə saat, hətta gün sonra da ortaya çıxa bilər.
Kirpik qaynağının mümkün təsirləri yalnız yapışdırıcı ilə məhdudlaşmır. Süni kirpiklərin təbii kirpiklərə əlavə etdiyi ağırlıq və gərginlik follikullara mexaniki təsir göstərə bilər. Nəticədə təbii kirpiklərin tökülməsi və bəzi hallarda dartılmaya bağlı kirpik itkisi, yəni traksion alopesiya yarana bilər.
Digər risk isə göz qapaqlarının gigiyenası ilə bağlıdır. Süni kirpiklərin arasında və dibində çirk və mikroorqanizmlərin toplanması, həmçinin göz qapaqlarının düzgün təmizlənməsinin çətinləşməsi iltihab və infeksiya riskini artıra bilər. Tibbi icmallarda kirpik qaynağı ilə əlaqəli blefarit, konyunktivit, kornea cızıqları və keratit kimi hallar da qeyd olunur.
Bəs hansı şəxslər üçün bu prosedur daha risklidir?
Mütəxəssislər xüsusilə əvvəldən göz xəstəliyi, göz ətrafında allergiya və ya kosmetik məhsullara qarşı həssaslığı olan şəxslərin daha diqqətli olmasını tövsiyə edirlər.
Bundan başqa, əvvəllər dırnaq və ya digər kosmetik məhsullarda istifadə olunan akrilatlara qarşı allergik reaksiya yaşamış şəxslər də ehtiyatlı olmalıdır. Çünki sianoakrilatlar və digər akrilat birləşmələri kontakt allergiyasına səbəb ola bilər.
Fəridə Əsədzadə











































