11:46 çərşənbə, 20 Noyabr 2019
MÜSAHİBƏ

Varis: "Hazırki gənclərin ən mənfi xüsusiyyəti özlərindən hədsiz razı olmalarıdır" - MÜSAHİBƏ

16:26, 19.09.20197234
Varis:

AZXEBER.COM-un müsahibi tanınmış yazıçı Varis Yolçuyevdir.

 

Həmin müsahibəni təqdim edirik: 

 

- Bildiyimiz kimi, sentyabrın 30-dan oktyabrın 3-dək Bakıda ən tarixin ən böyük ədəbiyyat festivalı keçiriləcək. Bu barədə oxucularımıza az da olsa məlumat verərdiniz. 


- Bəli, Bakıya tarixin ən böyük ədəbiyyat bayramı gəlir. BMT-nin himayəsi, LiFFt fondu, Avrasiya Millətlər Assambleyası və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçiriləcək LiFFt ədəbiyyat festivalına sayılı günlər qalır.


Festivalda dünya şöhrətli kolumbiyalı yazar, canlı əfsanə Fernando Rendon, alternativ Nobel (Montale) mükafatı laureatı italiyalı Paolo Ruffilli, Qonkur mükafatı laureatı fransız Jan Kristoff Rufin, beynəlxalq poeziya festivalının rəhbəri, yunan Koisus Kristos, Avropada ustad dərslərinə 6 ay öncədən növbə tutulan polyak Kşiştov Zatravski, ABŞ-ın milli kitab mükafatı laureatı, "Dəmir Con” kitabıyla 62 həftə New York Times bestsellerlər siyahısına başçılıq edən Robert Blay, MDB məkanının və türk dünyasının ünlü yazarı qazax Oljas Süleymenov, Moskvadakı Qorki adına ədəbiyyat institutunun rektoru Aleksey Varlamov, qitənin ən nüfuzlu Premio Euopain Veri - poeziya mükafatı laureatı türk Turqut Tanyol, Kembric universitetinin tanınmış ədəbiyyat professoru Riçard Baumqarten, dünyanın ən böyük teatrlarında əsərləri tamaşaya qoyilan israilli İdo Natanyahu, Norveçin, Portuqaliyanın, Yaponiyanın, Çinin 2018-ci ilin yekunlarına görə ən yaxşı şairləri iştirak edəcək. Bir sözlə, çox maraqlı olacaq.


- Gənc oxucular arasında sizin əsərləriniz də çoxluq təşkil edir. Bu uğurun səbəbini nədə görürsünüz?


- Mənim oxucu kütləmin böyük əksəriyyətini gənc nəslin nümayəndələri təşkil edir. Bu da məlumdur ki, gənclər daha çox eşq, sevgi mövzusunda oxumağı sevir. Mən dəbu mövzuda yazdığım üçün, gənclər daha çox maraq göstərir.

 

 

- Arzuladığınız oxucu kütləsini toplaya bilmisinizmi?


-Əlbəttə. Ümumiyyətlə mən düşünürəm ki, Azərbaycanda "kitab oxuyan yoxdur” demək düzgün deyil.Hazırda kifayət qədər kitab oxucusu var. Bunun da ən çoxu gənclərdir. Düzdür Sovetlər dövründə olduğu kimi hər köşəyə baxdıqda, əlində kitab, qəzet oxuyan insanları görmürük. Lakin zamanla bunları da görəcəyik. Və mən çox xoşbəxtəm ki, oxucuların arasında Varisi sevərək oxuyan bir kütlə var.


 

 

 

- Sizcə bir yazar olmaq üçün ən vacib şərt nədir?


- Mənim fikrimcə yazar olmaq üçün iki vacib şərt var. Bunlar istedad və savaddır. Əgər bu ikisindən biri yoxdursa, mükəmməl əsər yazmaqdan söhbət gedə bilməz. Misal olaraq deyə bilərəm ki, elə əsər var oxuyursan və yaxşı olduğunu düşündüyün halda, ədəbi biliklərin bərbad olduğunu müşahidə edirsən. Bəzən də əksinə olur, hər şey öz qaydasında, yəni ədəbi biliklərinə söz ola bilməz. Gəl ki, əsər mənasız və maraqsızdır. Məhz buna görə bu iki şərtin olması mütləqdir.

 

 

  

 

- Özünüzdə bu istedadın olduğunu necə və nə zaman anladınız?

 

- Bunu demək bir az gülməli olsa da,uşaqlıqda oyuncaq əvəzi kitablarla oynayardım. Atam filioloq olduğu üçün üç otaqlı evimizin iki otağı kitab rəfləri ilə dolu idi. Mən oynadığım kitabları zamanla açıb vərəqləməyə, oxumağa başladım. Hətta onların üzərinə "Varisin kitabı” yazardım. Buna görədir ki, artıq mən 5 yaşımda yazmağı və oxumağı bacarırdım. Kitabların içində böyüməyim məndə onlara qarşı sevgi, həmçinin yazmaq istəyi oyatdı. İlk istedadım rəssamlıq olsa da, məktəb vaxtı şeirlər, hekayələr yazardım. 10-cu sinifdə oxuyarkən ləqəbim vardı: "Məşhur Varis”. Hətta məndən böyük sinfin uşaqları sevdikləri qızlara şeirlər yazdırırdılar. Mən də onların əvəzində ödəniş alırdım. Bir növ kiçik biznes yaratmışdım. (gülür)

 

 

 

 

 

- Sizcə kitab oxucularının sayı əvvələ nəzərən artıb ya azalıb?


- Lap əvvəllərdən söhbət gedirsə, bəli azalıb. Lakin mən düşünürəm ki, kitaba maraq var. Təəssüf ki, bunu orta və yaşlı nəsilə aid edə bilmirik. Amma gənc nəsil xüsusən tələbələr, kitaba olduqca maraq göstərirlər. Son illərdə isə kitab satışı 50%-dək azalıb. Səbəbini isə metrolordan kitab satışının yığışdırılmasıdır. Bu qərar verilərkən belə düşünmüşdülər ki, kitab oxumaq istəyən onu elə gedib mağazadan da alar. Ancaq elə olmadı, həqiqətən də metrolardan kitabların yığışdırılması oxucu kütləsini yarıyadək azaldı. 

 

 

 

 

 

- Ən sevdiyiniz əsəriniz hansıdır?


- "Yetmiş yeddinci gün”. Bu əsərimi o qədər sevirəm ki. Düzdür hər bir yazdığın əsər sənə övladın kimidir. Ancaq bunu onlardan azca çox seçirəm. Bu hədsiz oxunan kitablarımdan biri oldu. Oxumayanlara da mütləq tövsiyə edirəm.


- Bəs ən uğurlu əsəriniz hansı olub?


- Mənim ən uğurlu əsərim "Metamarfoz” idi. Bu əsərin sayəsində bir çox mükafatlar qazandım. Həmçinin əsər dünya ədəbiyyatında yer aldı.

 

 

 

 

- Hazırda üzərində işlədiyiniz əsər varmı?


-Bəli. Noyabr ayında oxucularıma yeni bir kitab təqdim edəcəm. Kitab Qarabağ mövzusu ilə bağlıdır və qeyd edim ki, kitabı ağlamadan oxumaq mümkün olmayacaq.


 

 

- Hər kəsə məlumdur ki, bölgələrimizdə kitab satışı olduqca aşağıdır.Sizcə bunun üçün nə kimi tədbirlər görülməlidir?


- Kitab sahəsi o qədər də gəlirli sahə olmadığı üçün kifayət qədər maraq göstərilmir. Onu da qeyd edim ki, bölgələrdə "Libraff”mağazalar şəbəkəsinin açılması bu mövzuda böyük dəstək olacaqdır. Düşünürəm ki, bu problem həll ediləcək.

- Gənc yazarlara nə tövsiyyə edərdiniz?


- Mütləq mütaliə etsinlər. Hazırki gənclərin ən mənfi xüsusiyyətləri özlərindən hədsiz razı olmalarıdır. Inanın bəzən elə təəccüblənirəm ki, bir də görürsən xalqın sevib-seçdiyi, ustad yazar deyə biləcəyimiz insanlarda nöqsan tapmaq istəyirlər. Olmaz belə. Hər zaman nələrisə öyrənin, müzakirə edin , təvazökar olun. İnanın o zaman daha böyük uğurlar qazanacaqsınız.


 

 

- Sizcə Varis Azərbaycan ədəbiyyatında qalacaq?


- Bunu zaman göstərər. Mən heç zaman özümə mükəmməl yazar, ustad deməmişəm və bunu demərəm. Dünya şöhrətli yazarların gündəliklərin oxusanız onların da heç birinin özlərini belə hesab etmədiklərini görərsiniz. İnsan hər zaman nələrisə öyrənir , mütaliə edir və daha mükəmməl əsərlər yazır. Buna görə də mən bu mövzunu sadəcə zamana buraxıram.

- Ən çox qürurlandığınız an?

- "Son ölən ümidlərdir” kitabımın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun stol üstü kitabı olduğunu öyrəndiyim an. Elə indinin özündə də, bunu xatırlayanda qürurlanıram.

 

Mələk Cabbar

XƏBƏR LENTİ