“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab

“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
SOSİAL
17:15 21.07.2026
512
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən *"Vital Hospital”*da həyatını itirən körpənin meyitinin xəstəxananın zirzəmisinə atıldığına dair iddialar yayılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, sosial mediada yayılan məlumat Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Qeyd olunub ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

"Vital Hospital” ətrafında yayılan bu iddialar tibbi tullantıların idarə olunması məsələsini yenidən gündəmə gətirib.

Bəs Azərbaycanda tibbi tullantıların idarə olunması necə həyata keçirilir?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, nazirliyin tabeliyində olan tibb müəssisələrində yaranan tibbi tullantıların idarə olunması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir.

Qurumun məlumatına görə, səhiyyə müəssisələrində əmələ gələn tibbi tullantıların toplanması, müvəqqəti saxlanması, daşınması, zərərsizləşdirilməsi və utilizasiyası aşağıdakı normativ-hüquqi aktlarla tənzimlənir:

* "Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu;
* Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər”;
* Nazirlər Kabinetinin 14 iyun 2016-cı il tarixli, 228 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhlükəli tullantıların saxlanılması Qaydası”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi vurğulayıb ki, tibbi tullantıların idarə olunmasına nəzarət qanunvericiliyə uyğun olaraq Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.

Bildirilib ki, müalicə-profilaktika müəssisələrində (MPM) profilindən və çarpayı sayından asılı olmayaraq yaranan tibbi tullantıların sanitariya və ekoloji tələblərə uyğun şəkildə təhlükəsiz toplanması, çeşidlənməsi, saxlanması, daşınması və utilizasiyası Nazirlər Kabinetinin 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər” əsasında həyata keçirilir.

Qurum əlavə edib ki, bu sahədə həmçinin Azərbaycanın qoşulduğu BMT-nin Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası da əsas hüquqi sənədlərdən biri kimi tətbiq olunur.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR