Türkiyə ilə sərhədin açılması Ermənistana Aralıq dənizindəki Türkiyə limanlarından istifadə etməyə imkan verəcək.
"Armenpress" xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan jurnalistlərə bildirib.
"Biz həm sərhədlərin (Türkiyə ilə - red.) açıq olması, həm də diplomatik münasibətlərin qurulması üçün hər şeyi edirik. Qonşu ölkələrlə tamhüquqlu iqtisadi və siyasi münasibətlərin qurulması üçün mümkün olan hər şeyi edəcəyik", - o vurğulayıb.
Ermənistan Prezidentinin sözlərinə görə, sərhəd buraxılış məntəqələrində (Türkiyə ilə sərhəddə) zəruri işlər artıq başa çatıb və onlar fəaliyyət göstərməyə hazırdır.
V.Xaçaturyan qeyd edib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi Ermənistandakı biznesə də müsbət təsir göstərir.
Onun sözlərinə görə, 2026-cı ilin əvvəlindən Ermənistanın Türkiyə ilə iqtisadi münasibətlərində müsbət dinamika müşahidə olunur:
"Hazırda Ermənistan nəqliyyat vasitələri Türkiyəyə birbaşa yükdaşımaları həyata keçirə bilir. Bundan başqa, bizim üçün (Türkiyədən olan mallara - red.) xüsusi ticarət kodu müəyyən edilib. Əvvəllər Ermənistana idxal olunan mallar (Türkiyədən - red.) Gürcüstan kodları ilə daxil olurdu. İndi bu, birbaşa həyata keçirilir. Türkiyə ilə sərhədin açılması Ermənistana Aralıq dənizindəki Türkiyə limanlarından istifadə etmək imkanı verəcək".
///report///











































