Azərbaycanda məktəblərdə telefon qadağası: Başqa hansı ölkələrdə bu qadağa var?

Azərbaycanda məktəblərdə telefon qadağası: Başqa hansı ölkələrdə bu qadağa var?
SOSİAL
15:08 30.06.2026
439

Son illərdə məktəblərdə mobil telefonlardan istifadə məsələsi dünyanın bir çox ölkəsində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası şagirdlər üçün yeni imkanlar yaratsa da, dərs zamanı mobil telefonlardan istifadə diqqətin yayınması, texnologiya asılılığı və tədrisin keyfiyyəti ilə bağlı narahatlıqları da artırıb. Bu səbəbdən müxtəlif ölkələr məktəblərdə mobil telefonlardan istifadəyə dair qadağa və ya məhdudiyyətlər tətbiq edir.

Azərbaycanda da məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil telefon və digər elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

AZXEBER.COM müxtəlif ölkələrdə məktəblərdə mobil telefonlardan istifadəyə dair tətbiq olunan qadağa və məhdudiyyətləri araşdırıb.

Fransa – 2018-ci ildən etibarən ibtidai və aşağı orta məktəblərdə mobil telefonlardan istifadə qadağandır. Yeni tədris ilindən etibarən bu qadağanın liseyləri də əhatə etməsi planlaşdırılır.

Niderland – 2024-cü il yanvarın 1-dən etibarən orta məktəblərdə mobil telefon, planşet və ağıllı saatlardan istifadəyə qadağa tətbiq olunub.

İtaliya – Ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin dərs zamanı mobil telefonlardan istifadəsi qadağan edilib.

Yaponiya – Bir çox məktəbdə şagirdlər dərs zamanı telefonlarını söndürülmüş vəziyyətdə saxlamalıdır və onlardan istifadə etməyə icazə verilmir. Xüsusilə ibtidai məktəblərdə telefonların məktəbə gətirilməsi ciddi şəkildə məhdudlaşdırılır. Məqsəd təhsil prosesində nizam-intizamı qorumaqdır.

Türkiyə – 2023-cü ilin sentyabrında Milli Təhsil Nazirliyinin qəbul etdiyi göstərişə əsasən, şagirdlərin dərsə mobil telefonla gəlməsi və dərs zamanı telefondan istifadə etməsi qadağan olunub. Qərar ölkə üzrə bütün təhsil müəssisələrinə göndərilən rəsmi sərəncam xarakteri daşıyır və məktəblərdə nizam-intizamın gücləndirilməsinə xidmət edir.

Çin – Məktəblərdə mobil telefon istifadəsini ən ciddi şəkildə tənzimləyən ölkələrdən biridir. Təhsil Nazirliyinin qaydalarına əsasən, şagirdlər məktəbə mobil telefon gətirə bilsələr də, sinifdə onlardan istifadə etmək qadağandır. Bəzi bölgələrdə isə telefonların məktəbə gətirilməsi belə məhdudlaşdırılıb. Məqsəd şagirdlərin akademik göstəricilərini yaxşılaşdırmaqdır.

Braziliya – Milli səviyyədə məktəblərdə mobil telefon istifadəsinə qadağa tətbiq edən ölkələr sırasındadır. Burada ibtidai və orta məktəblərdə telefonlardan istifadə ümumilikdə qadağan edilib. Yalnız tədris məqsədilə xüsusi hallarda istifadəyə icazə verilir. Qanunun əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagirdlərin diqqətini dərsə yönəltməkdir.

Cənubi Koreya – 2026-cı ildən etibarən məktəblərdə mobil telefon və digər ağıllı cihazlardan istifadə qanunla məhdudlaşdırılacaq. Parlament tərəfindən qəbul edilən qərarın məqsədi şagirdlər arasında artan texnologiya asılılığının və bunun psixoloji təsirlərinin qarşısını almaqdır.

Danimarka – Məktəblərdə mobil telefon istifadəsini məhdudlaşdıran ölkələrdən biridir. Hökumətin hazırladığı tövsiyələrə əsasən, 7–16 yaş arası şagirdlər üçün məktəblərdə və dərsdənkənar fəaliyyət mərkəzlərində mobil telefonlardan istifadə qadağan olunub. Məqsəd uşaqların sosial bacarıqlarını inkişaf etdirmək və diqqəti yayındıran texnologiyaların təsirini azaltmaqdır.

İsveç – Ölkədə də oxşar siyasət həyata keçirilir. 2026-cı ildən etibarən bütün məktəblərdə mobil telefonlardan istifadə qadağan olunacaq. Şagirdlər dərs günü ərzində telefonlarını məktəb rəhbərliyinə təhvil verəcəklər. Hökumət bu qərarı təhsil islahatlarının tərkib hissəsi kimi qiymətləndirir və məqsədin daha sağlam, səmərəli təhsil mühiti yaratmaq olduğunu bildirir.

Şəhanə Ziyad 
OXŞAR XƏBƏRLƏR