Taksi xidmətlərində sürücülərin davranışları ilə bağlı narazılıqlar səngimək bilmir. Sosial şəbəkələrdə yayılan daha bir paylaşımda sərnişin "Bolt” platformasında sifariş qəbul edən sürücünün tətbiqdə göstərilən məbləğə səfəri həyata keçirə bilməyəcəyini deyib. Paylaşımda, həmçinin sürücünün sifarişi özü ləğv etmək əvəzinə vaxtın tamamlanmasını gözlədiyini bildirdiyi qeyd olunub.
Hadisə sosial şəbəkələrdə taksi xidmətlərində müştəri məmnuniyyəti və sürücülərin davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, sürücülər bəzən sərnişinlərlə kobud danışırlar:

"Sürücülərin müştərilərlə bu şəkildə danışması etik davranış deyil. Eyni zamanda, qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu cür şikayətlər daxil olduqda həmin sürücülərlə bağlı tədbir görür və zəruri hallarda onların hesabını bloklayır.
Taksi sürücüləri bu kimi məsələlərdə daha diqqətli olmalıdırlar. Çünki AYNA son dövrlərdə belə hallara qarşı daha sərt mövqe nümayiş etdirir. Qayda pozuntularına yol verən sürücülərin hesabları bloklana, hətta bəzi hallarda onlara ümumiyyətlə lisenziya verilməyə bilər”.
O bildirib ki, tələblərə riayət etməyən sürücülər bazardan kənarda qalacaqlar:
"Bakı şəhərində fəaliyyət göstərə biləcək taksilərin sayı kvota ilə tənzimlənir və qarşıdakı dövrdə bu sayın daha da azalacağı gözlənilir. Bu proses əsasən intizamlı və qaydalara əməl edən sürücülərin fəaliyyətini davam etdirməsi prinsipi əsasında həyata keçirilir. Nəticə etibarilə, tələblərə riayət etməyən sürücülər bazardan kənarda qalacaqlar”.
Nəqliyyat eksperti deyib ki, sürücülər seçdikləri xidmət sinfinə uyğun fəaliyyət göstərməlidirlər:
"Vətəndaşların üzərinə düşən əsas vəzifə isə belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara məlumat vermələridir. Eyni zamanda sürücülər seçdikləri xidmət sinfinə (Biznes, Komfort, Ekonom və s.) uyğun fəaliyyət göstərməlidirlər. Əks halda, qaydalara əməl edərək bu sahədə çalışmaq istəyən digər sürücülərin də hüquqlarını pozmuş olurlar. Nəzərə almaq lazımdır ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən çoxlu sayda namizəd var”.
"Bolt”dan mövzu ilə bağlı AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, şirkətinin əsas məqsədi sərnişinlər və tərəfdaş sürücülər üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir:
"Bolt şirkətinin əsas məqsədi sərnişinlər və tərəfdaş sürücülər üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir. Platforma üzərindən qəbul edilmiş sifarişlərin məsafəsindən və ya ödəniş üsulundan asılı olmayaraq yerinə yetirilməsi gözlənilir.
Əgər sürücü sifarişi qəbul etdikdən sonra əsassız səbəbdən ləğv edirsə, sərnişindən sifarişi ləğv etməsini xahiş edirsə və ya əlavə ödəniş tələb edirsə, bu, platformanın qaydalarına uyğun davranış hesab olunmur. Belə hallarla qarşılaşan sərnişinlərdən tətbiq vasitəsilə şikayət bildirmələri xahiş olunur”.
Şirkətin məlumatına görə, Bolt”un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. "Bolt”un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər.
Şirkətdən qeyd edilib ki, "Bolt” sürücülərlə mütəmadi olaraq kommunikasiya aparır, onlara platforma qaydaları, müştəri məmnuniyyətinin əhəmiyyəti və peşəkar xidmət standartları barədə məlumatlar təqdim edir. Məqsədimiz həm sərnişinlərin rahatlığını və təhlükəsizliyini, həm də platformada göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə saxlamaqdır.
Şahanə Ziyad











































