Son günlər Dərnəgül bazarında fəaliyyət göstərən sahibkarların ərazidən köçürüləcəyi ilə bağlı məlumatlar gündəmdədir.
Bazarda çalışan sahibkarlar ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq aldıqlarını, lakin onların hansı ünvana köçürüləcəyi barədə hələlik konkret məlumat verilmədiyini bildirirlər. Bu vəziyyət isə sahibkarların gələcək fəaliyyəti ilə yanaşı, tikinti materiallarının satış qiymətlərinə mümkün təsirlərlə bağlı suallar yaradır.
Maraqlıdır, Dərnəgül bazarının köçürülməsi sahibkarların xərclərinə və nəticə etibarilə tikinti materiallarının qiymətlərinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bazarın köçürüləcəyi yeni ərazidə sahibkarlar üçün yaradılacaq şərait və icarə qiymətləri əsas amillərdən olacaq:
"Bu bazarı hara köçürəcəklər, necə şərait yaradacaqlar, hansı şərait olacaq? Əgər eyni qaydada başqa bir məkanda daha ucuz icarə qiymətləri ilə mağazalar və satış məntəqələri təklif ediləcəksə, bunun ciddi bir təsir göstərəcəyini düşünmürəm, tikinti bazarına yox. Əgər pərakəndəlik yaranacaqsa, yeni, daha baha icarə haqları olan yerlərə köçəcəklərsə, təbii ki, bu, tikinti materiallarının qiymətinə də təsir göstərəcək”.

İqtisadçı qeyd edib ki, yeni ərazidə icarə və daşınma xərclərinin artması sahibkarların satdığı məhsulların qiymətinə də təsir göstərə bilər:
"İcarə haqqı artacaqsa, daşınma xərcləri artacaqsa, iş adamları da həmin xərcləri satdıqları məhsulların üzərinə gələcəklər. Normalda başqa cür təsəvvür etmək də mümkün deyil”.
Fəridə Əsədzadə












































