Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb.
Konqo hakimiyyətinin açıqladığı son məlumatlara görə, epidemiyanın başladığı vaxtdan indiyədək 7022 yoluxma və 3398 ölüm halı qeydə alınıb. 1671 nəfər isə xəstəlikdən sağalıb.
Bu, Ebola virusunun ən geniş epidemiyası sayılır. Xəstəlik ilk olaraq ölkənin şimal-şərqindəki İturi əyalətində aşkarlanıb, daha sonra şərq və şimal bölgələrinə yayılıb. Ebola virusunun Mərkəzi Afrika Respublikası və Konqo ilə həmsərhəd olan Cənubi Ubangi əyalətinə də yayıldığı təsdiqlənib. Beləliklə, xəstəlik artıq yeddi əyalətdə qeydə alınıb.
Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında bildirib ki, Konqo sərhədləri çərçivəsində lokal xarakterli karantin rejimi mövcuddur:

"İstənilən epidemioloji ocaqda karantin rejiminin tətbiqinə ehtiyac yaranır. Lokal və qlobal olmaqla karantin rejimi iki yerə bölünür. Hələlik Konqo sərhədləri çərçivəsində lokal xarakterli karantin rejimi mövcuddur. Karantin həmin infeksiyanın yayılmasının qarşısını almaq üçün nəzərdə tutulur”.
O qeyd edib ki, Ebola virusu çox təhlükəli və fatal virusdur:
"Ebola virusu çox təhlükəli və fatal virusdur. O, hemorragik qızdırmalara aiddir. Bu xəstəlik sonda ağır orqan çatışmazlığına və qanaxmalara səbəb olaraq 90-95 faiz hallarda ölümlə nəticələnə bilər. Ona görə də bu virusun yayılmasının qarşısı alınmalıdır”.
professor bildirib ki, Ebolanın pandemiyaya çevrilməsi təhlükəsi yoxdur:
"Ebolanın pandemiyaya çevrilməsi təhlükəsi yoxdur. Amma infeksiyaya qarşı mübarizə aparılmasa, ölüm və xəstələnmə halları daha çox ola bilər. Düşünürəm ki, karantin tədbirləri Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altında həyata keçirilir”.
Şahanə Ziyad










































