Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən, "Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyevanın barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayətinə bu gün baxılıb.
Müdafiə tərəfi İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edərək onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən İlduzə Hacıyevanın vəkili Fərid Həsənov bildirib ki, onun sosial şəbəkədən istifadəsinə qadağa qoyulub:
"Məhkəmə vəsatətimizi təmin etdi və barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etdi. Bununla yanaşı, məhkəmə prosesləri yekunlaşana qədər onun sosial şəbəkələrdən istifadəsinə qadağa qoyuldu. Bu müddətdə yalnız "WhatsApp” vasitəsilə yaxınları ilə əlaqə saxlaya biləcək. Qarşı tərəf məhkəmə iclasında iştirak etmirdi”.
Vəkil əlavə edib ki, İlduzə Hacıyevanın övladlarının sığınacağa yerləşdirilməsi məsələsi də artıq aktuallığını itirib:
"Artıq ana azadlıqdadır. Buna görə də uşaqların Azərbaycana gətirilməsi mümkündür”.
Şahanə Ziyad











































