Son illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, məhsul və xidmətlərin təşviqi ilə gəlir əldə edən bloger və influenserlərin sayı artıb.
Bu sahədə fəaliyyət göstərən şəxslərin iqtisadi fəaliyyətinin daha dəqiq uçota alınması məqsədilə uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata "Rəqəmsal platforma təsirçisi” (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edilib.
Dəyişiklik bloger və influenserlərin fəaliyyətinin rəsmiləşdirilməsi ilə yanaşı, onların əldə etdiyi gəlirlərin də gündəmə gəlməsinə səbəb olub.
AZXEBER.COM yerli mediada yayılan son məlumatlara istinadən bəzi tanınmış blogerlərin reklam qiymətlərini təqdim edir.
Məlumata görə, sosial şəbəkələrdə reklam paylaşımının qiyməti paylaşımın formatından və blogerin auditoriyasından asılı olaraq dəyişir. Hazırda bəzi blogerlərin reklam tarifləri 1000 manatdan başlayaraq 5000 manatadək yüksəlir.
Belə ki, Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva "Instagram”ın hekayə bölməsində reklam paylaşımı üçün 2500 manat tələb edir. Reklam post şəklində yayımlandıqda isə qiymət 5000 manat təşkil edir.
Müğənni Aysun İsmayılovanın reklam tariflərinin 1500-5000 manat arasında dəyişdiyi bildirilir.
Bloger cütlük Ülvi Nadiroğlu və Fatimə Əhmədovanın hekayə bölməsində reklam paylaşımı üçün 1000-1500 manat, post üçün isə 3500 manat tələb etdiyi qeyd olunur.
Digər bloger Asya Aslanovanın reklam qiymətləri isə 1500-3500 manat arasında dəyişir.
Beləliklə, bir sıra tanınmış blogerlərin sosial şəbəkələrdə tək bir reklam paylaşımından əldə etdiyi məbləğ bir neçə min manata çatır.
Bu isə onların reklam fəaliyyətindən əldə etdiyi real gəlirin dövlət tərəfindən hansı məlumatlar və meyarlar əsasında müəyyənləşdiriləcəyi məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan vergi eksperti Mehdi Babayev bildirib ki, sosial şəbəkədə şəxsi səhifənin yaradılması avtomatik olaraq vergi öhdəliyi yaratmır:
"Sosial şəbəkələrdə hər hansı platformanın, daha doğrusu, bir şəxsin özü üçün şəxsi səhifə açmasının hər hansı vergi ödəyicisi və vergi öhdəliyi yaratması anlamına gəlmir. Məsələn, bəzi insanlar sosial şəbəkələrdə özlərinə bir səhifə açırlar və düşünürlər ki, gələcəkdə həmin səhifənin çoxlu izləyicisi olacaq. Bu, sadəcə elektron sosial şəbəkə səhifəsinin yaradılmasıdır. İstər "Instagram”, istərsə də digər sosial şəbəkələr olsun”.
Ekspert qeyd edib ki, səhifə vasitəsilə gəlir əldə olunmağa başlandığı andan fəaliyyət sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər:
"Bu fəaliyyət artıq qazanc və fayda verməyə başladıqda, onun sahibi olan fiziki şəxs vergi ödəyicisi kimi uçota durmalıdır. Yəni sahibkarlıq fəaliyyətinə keçmiş hesab olunur. Blogerlərdə də vəziyyət eynidir. Şəxs sosial şəbəkədə səhifə açdıqdan, çoxlu sayda izləyici topladıqdan sonra müxtəlif mal və xidmətlər təklif edən şəxslərin məhsullarını təbliğ etməklə gəlir əldə etməyə başlayırsa, bu fəaliyyət artıq vergi öhdəliyi yaradır”.
M.Babayev vurğulayıb ki, gəlir əldə edən bloger vergi uçotuna alınmalı və fəaliyyət istiqamətinə uyğun kod seçməlidir:
"Vergi ödəyicisi kimi VÖEN almalıdır və aidiyyəti üzrə bloger fəaliyyəti ilə məşğul olmaq istəyirsə, müvafiq fəaliyyət kodunu seçməlidir. Təbii ki, düzgün şəkildə, qanunvericiliyə uyğun olaraq uçot aparmalıdır. Əgər mikrosahibkarlıq subyekti olaraq qalırsa və dövriyyəsi 200 min manatı aşmırsa, il ərzində 75 faiz güzəştli mənfəət vergisi tətbiq olunur. Yox, əgər mikrosahibkarlıq subyekti deyil və il ərzində gəlirləri 200 min manatdan yuxarıdırsa, o halda 20 faiz mənfəət vergisinə cəlb olunur”.
M.Babayev əlavə edib ki, müəyyən hallarda blogerin ƏDV ödəyicisi kimi qeydiyyata alınması da tələb oluna bilər:
"Əgər 12 ay ərzində dövriyyəsi 200 min manatdan yuxarı olarsa, həmin dövrün sonunda birmənalı olaraq əlavə dəyər vergisi ödəyicisi olacaq. Bir sözlə, bloger dediyimiz fiziki şəxs gəlir əldə etmək fəaliyyətinə başladığı andan gec olmayaraq vergi ödəyicisi kimi uçota durmalı, VÖEN almalı və fəaliyyət kodunu seçməlidir”.
Fəridə Əsədzadə











































