Əliqismət Lalayev: "Yaradıcı heyətin tərkibində əsaslı dəyişikliklər ediləcək
102-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Musiqili Komediya Teatrında həm aktyor heyətinə, həm də xor, balet və orkestr kollektivlərinə ümidverici gənclərin seçilməsi üçün müsabiqəyə yekun vurulacaq.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev AZXEBER.COM-a verdiyi açıqlamada bildirib ki, yaradıcı heyətin tərkibində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqələrin keçirilməsi çox vacibdir: “Belə gənclərin teatra seçilməsi zamanı diqqət edəcəyimiz ilk keyfiyyət güclü aktyorluq qabiliyyətinin olmasıdır. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, əsaslı təmirdən sonra öz qapılarını yenidən tamaşaçıların üzünə açacaq teatrda xüsusilə lazımdır. İstər yaradıcı qrup, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə aktyor, orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək kimi mühüm vəzifələr düşür. Bu müsabiqədən sonra istedadlı gənclər yerdə qalmayacaq. Onu da qeyd edim ki, hal-hazırda teatrda fəaliyyət göstərən işçi heyəti olduğu kimi qalacaq.”
Gülnarə Bayramova