Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
İQTİSADİYYAT
17:22 20.10.2026
194
Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçıları maraqlandıran əsas məsələlərdəndir.

Bəs məhsulların qiymət artımına hansı amillər təsir edə bilər? Qış aylarında bahalaşmanın qarşısını almaq mümkündürmü?

İqtisadçı ekspert AZXEBER.COM-a açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri və əkin sahələrinin azalması kartof istehsalına mənfi təsir göstərib:

"Azərbaycanda ötən illərlə müqayisədə həm kartof əkilən sahələrin həcmi azalıb, həm də tədarük göstəricilərində təxminən 13 faizə qədər geriləmə qeydə alınıb. Bu baxımdan bahalaşma qaçılmazdır. Azərbaycanın kartof idxal etdiyi əsas ölkələr sırasında Ukrayna və İran ilk yerlərdə dayanırdı. Lakin Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran qarşıdurması fonunda müəyyən logistik çətinliklər mövcuddur”.

Ekspert qeyd edib ki, idxal istiqamətlərinin dəyişdirilməsi də qiymətlərə təsirsiz ötüşməyəcək:

"Azərbaycan ya alternativ bazarlara müraciət edərək daxili tələbatı qarşılamalı, ya da mövcud xarici bazarlardan idxalı davam etdirməlidir. Mövcud bazarlardan idxalın davam etdirilməsi kartofun qiymətini bahalaşdırır. Alternativ marşrutlarda isə həm logistik xərclər artır, həm də qiymətlər yüksək olur. Ona görə də indidən ehtimal etmək olar ki, Azərbaycanda kartofun qiyməti bahalaşacaq”.

İqtisadçının sözlərinə görə, qış aylarında qiymət artımı gözlənilən digər məhsul toyuq yumurtasıdır:

"Enerji qiymətlərinin artırılması, tariflərin yüksəldilməsi, dizel yanacağının bahalaşması, eləcə də xarici ölkələrdən idxal edilən dərman preparatlarının, peyvəndlərin və yem məhsullarının qiymətlərinin artması yumurtanın da bahalaşmasına səbəb ola biləcək amillərdəndir. Bu baxımdan strateji əhəmiyyət daşıyan iki əsas məhsulun – yumurta və kartofun qış aylarında bahalaşacağını ehtimal etmək olar”.

Ekspert hesab edir ki, mümkün qiymət artımının qarşısını almaq üçün hökumət indidən qabaqlayıcı tədbirlər görməlidir:

"Yaxşı olardı ki, hökumət qış aylarına qədər çevik proqram tətbiq etsin. Həmin məhsulların alınaraq tədarük edilməsi, saxlanılması və ehtiyat fondunun formalaşdırılması daxili bazarda bahalaşmanın qarşısını almağa xidmət edə bilər. Bu məqsədlə müəyyən qədər idxal həyata keçirilə və məhsulların depolanması reallaşdırıla bilər. Nəticədə xarici bazarların təsirindən daxili bazarı maksimum dərəcədə qoruya bilərik. Bu da qiymətlərin kəskin bahalaşmasının müəyyən qədər qarşısını ala və ya onu təxirə sala bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR