“Sülh yalnız sənəddə imzalanmır” – Azərbaycan-Ermənistan arasında ilk ixrac

“Sülh yalnız sənəddə imzalanmır” – Azərbaycan-Ermənistan arasında ilk ixrac
SİYASƏT
11:02 04.09.2026
89

Ermənistan və Azərbaycan arasında ilk ixrac müqaviləsi artıq baş tutub.

bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan açıqlayıb.

Bu addım iki ölkə arasında yalnız iqtisadi deyil, eyni zamanda siyasi və diplomatik münasibətlərin inkişafı baxımından da əhəmiyyətli hesab olunur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, bu hadisə iki ölkə arasında münasibətlərin normallaşması baxımından praktik əhəmiyyət daşıyır:

"Azərbaycan və Ermənistan arasında ilk ixrac müqaviləsinin reallaşması iki ölkə arasında münasibətlərin normallaşması prosesində simvolik deyil, praktik əhəmiyyət daşıyan hadisədir. Çünki uzun illər davam edən münaqişədən sonra münasibətlərin həqiqi mənada dəyişməsi yalnız siyasi bəyanatlarla deyil, iqtisadi əlaqələrin qurulması ilə ölçülə bilər. Artıq söhbət siyasi dialoqdan biznes münasibətlərinə keçiddən gedir”.


Politoloq qeyd edib ki, burada əsas məsələ müqavilənin maliyyə həcmi və ya hansı məhsulun ixrac olunması deyil:

"Əsas məsələ Azərbaycan və Ermənistan arasında qarşılıqlı iqtisadi marağın formalaşmasıdır. Bir ölkənin şirkətinin digər ölkənin bazarına çıxması o deməkdir ki, tərəflər arasında hüquqi, logistika və maliyyə mexanizmləri işləməyə başlayır. Bu isə etimadın institusional səviyyədə formalaşması üçün mühüm zəmin yaradır”.

T.İsmayılovun sözlərinə görə, iqtisadi əlaqələrin genişlənməsi siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır:

"Münaqişədən sonrakı mərhələdə davamlı sülhün əsas şərtlərindən biri qarşılıqlı asılılığın və iqtisadi maraqların yaradılmasıdır. Çünki iqtisadi əlaqələri genişlənən tərəflər üçün yeni qarşıdurmanın siyasi və maliyyə qiyməti də yüksəlir. Bu baxımdan ticarət münasibətləri sülh prosesinin sadəcə nəticəsi deyil, eyni zamanda onun dayanıqlığını təmin edən mexanizmlərdən birinə çevrilə bilər”.

Politoloq bildirib ki, ilk ixrac müqaviləsini iki ölkə arasında münasibətlərin tam normallaşması kimi qiymətləndirmək hələ tezdir:

"İlk ixrac müqaviləsi uzun və mürəkkəb prosesin yalnız başlanğıc mərhələsidir. Qarşıda sərhədlərin açılması, nəqliyyat kommunikasiyalarının tam işləməsi, qarşılıqlı investisiyaların artması və siyasi etimadın möhkəmləndirilməsi kimi məsələlər dayanır”.

Ekspert hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşmasında iqtisadi əlaqələrin xüsusi rolu ola bilər:

"Lakin mühüm məqam budur ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ artıq yalnız siyasi razılaşmalar üzərindən deyil, real iqtisadi maraqlar üzərindən də qurulmağa başlayır. Mən bunu sülhün gündəlik həyata transformasiyasının ilk ciddi göstəricilərindən biri hesab edirəm. Çünki davamlı sülh yalnız sənəddə imzalanmır, o, zamanla insanlar, şirkətlər və iqtisadiyyatlar arasında qarşılıqlı marağa çevrilir”.

Fəridə Əsədzadə

 

OXŞAR XƏBƏRLƏR