Zaman-zaman Azərbaycan cəmiyyətində şortik geyimi ilə bağlı müzakirələr və narazılıqlar gündəmə gəlir. Xüsusilə ictimai yerlərdə bu geyim tərzinə münasibət birmənalı olmur. Bir tərəf şortik geyimini fərdi seçim və rahatlıq məsələsi kimi qiymətləndirsə də, digər tərəf bunu milli-mənəvi dəyərlər və ictimai davranış normaları baxımından uyğun hesab etmir.
İyunun 5-i günorta saatlarında 62 yaşlı İçərişəhər sakini ilə gənc arasında insident baş verib. Belə ki, 62 yaşlı sakin şortik geyinən gəncə hücum edib, onun ünvanına nalayiq sözlər səsləndirib.
62 yaşlı İçərişəhər sakini yayılan görüntülərdə işlətdiyi nalayiq ifadələrə görə Azərbaycan xalqından və gəncin ailəsindən üzr istəyib.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, hər bir insanın geyimi ictimai maraq və müzakirə mövzusu yarada bilər:

"Hər bir insanın geyimi ictimai maraq və müzakirə mövzusu yarada bilər. Bu mənada insanlar geyim seçərkən həm cəmiyyətin münasibətini, həm də öz rahatlıqlarını nəzərə almalıdırlar. Əgər geyim ümumi etik və hüquqi normalara uyğundursa, şəxsi zövqdən asılı olmayaraq, bir insanı geyiminə görə təhqir etmək və ya ona qarşı aqressiv münasibət göstərmək doğru deyil. Xüsusilə təhqir, söyüş və ictimai şəkildə alçaldıcı davranışlar yolverilməzdir. Belə hallar insanın psixoloji vəziyyətinə mənfi təsir göstərə, hətta bəzi hallarda fiziki zorakılığa qədər gedib çıxa bilər. Hadisənin konkret kontekstindən asılı olaraq qarşılıqlı təhqirlər və emosional reaksiyalar da müşahidə oluna bilər. İnsanlar öz mövqelərini müdafiə etməyə çalışarkən bəzən aqressiv davranış nümayiş etdirirlər və bu da münaqişənin daha da dərinləşməsinə səbəb olur”.
Sosioloq qeyd edib ki, sözügedən hadisədə gəncin geyimində problemli heç nə yoxdur:
"Sözügedən hadisədə oğlanın geyimində problemli heç nə yoxdur. Digər tərəfdən, geyimlə bağlı fərqli baxışların olması normaldır. Geyimin necə olması, insanın şəxsi seçimidir. Hər bir insanın geyim tərzi onun xarakterini və ya cəmiyyətdəki dəyərini müəyyən etmir. Əgər geyim qanunları və ictimai asayişi pozmursa, ona görə kiməsə qarşı aqressiya göstərmək, müdaxilə etmək və ya təzyiq göstərmək yolverilməzdir. İnsanlar bu məsələdə daha hüquqi və mədəni davranmağı bacarmalıdırlar. Etiraz və ya narazılıq varsa, bu, etik çərçivədə və qanunun tələblərinə uyğun şəkildə ifadə edilməlidir”.
O qeyd edib ki, bu gün geyimlə bağlı vahid və məcburi norma mövcud deyil:
"Bu gün geyimlə bağlı vahid və məcburi norma mövcud deyil. Müasir dövrdə insanlar özlərini daha rahat hiss etdikləri tərzdə geyinirlər və bu, həm qanunlara, həm də fərdi azadlıqlara uyğundur. Buna görə də hansısa geyim tərzinə görə insanı hədəfə çevirmək, təhqir etmək və ya ona qarşı zorakılıq nümayiş etdirmək qəbuledilməzdir. Eyni zamanda insanlar ictimai məkanlarda qarşılıqlı hörmət prinsipinə də əməl etməlidirlər. Lakin bu, heç bir halda kiminsə şəxsi seçiminə zorla müdaxilə etmək və ya onu qınamaq hüququ vermir.
Geyim insanın xarici görünüşünün bir hissəsidir. Kimsə Avropa üslubunda və ya fərqli tərzdə geyinirsə, bu, onun şəxsiyyəti, əxlaqı və ya davranışı haqqında qəti nəticə çıxarmağa əsas vermir. İnsan haqqında fikir formalaşdırarkən onun düşüncələri, davranışları və digər insanlarla münasibəti əsas götürülməlidir. Geyim müəyyən mənada insan haqqında ilkin təəssürat yarada bilər. Lakin yalnız geyimə əsaslanaraq insanlar haqqında stereotiplər formalaşdırmaq nə doğru, nə də ədalətlidir”.
Şahanə Ziyad