"Bir ildən çoxdur ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə məxsus 35 kompüter və 15 printer Xırdalanda yerləşən özəl anbarda saxlanılır”.
AZXEBER.COM xəbər verir ki, bu barədə tanınmış vəkil Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
Vəkil bildirib ki, kollecin binasını su basdıqdan sonra keçmiş rəhbərliyin xahişi ilə avadanlıqlar müvəqqəti olaraq Xırdalanda yerləşən özəl anbara yerləşdirilib. Lakin kollecin rəhbərliyi avadanlıqları geri götürmür və anbar sahibinə icarə haqqı ödəmir.
"Kollecin yeni rəhbərliyi isə nə avadanlığı geri götürür, nə də anbar sahibinə icarə haqqı ödəyir. Kollecin keçmiş rəhbərliyinin Təhsil Nazirliyinə müraciətləri də cavabsız qalıb. Onlara bu avadanlıq lazım deyilsə, bəlkə müraciət edək, bizə bağışlasınlar? Əlbəttə, əgər BDU, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Hesablama Palatası etiraz etmirsə. Etiraz edirlərsə, bir maraqlansınlar görək, dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir”, – deyə Ə.Həsənov qeyd edib.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə sorğu ünvanladıq. Kollecdən AZXEBER.COM-a bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır və araşdırma başa çatdıqdan sonra məlumat veriləcək.
"Sözügedən məsələyə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan araşdırmanın nəticəsi əsasında hüquqi qiymət veriləcək. İstintaq yekunlaşdıqdan sonra qeyd olunan məsələ ilə bağlı məlumat verilə bilər”, – deyə kollecdən bildirilib.
Fəridə Əsədzadə











































