Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
AZXEBER.COM xəbər verir ki, Balakişi Qasımov 1978-ci ildə Bakıda anadan olub. Bakı şəhərindəki 1 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.
O, vaxtilə Mikayıl Cabbarovun da iştirakçısı olduğu "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu olub. Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri kimi fəaliyyət göstərib. 2002-ci ildə "Beynəlxalq Beyin-Rinq" üzrə Azərbaycan çempionu olub. Beynəlxalq "Kim? Harada? Nə vaxt?" klubları assosiasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib.
Balakişi Qasımov həm Badminton, həm də Qılıncoynatma Federasiyalarının vitse-prezidenti olub. Qeyd edək ki, hər iki posta o, federasiyaların prezidenti olan Mikayıl Cabbarov tərəfindən təyin edilib.
Onu da bildirək ki, Balakişi Qasımov eyni zamanda "Gametv.az" prodüser mərkəzinin rəhbəridir. Həmçinin Azərbaycan İntellektual Klublar Assosiasiyasının təmsilçisi kimi Gənclər Fondunun maliyyə dəstəyi ilə "Nə? Harada? Nə zaman?" üzrə tələbələrarası çempionat təşkil edib.
2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülmüşdür.
Şahanə Ziyad










































