"Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi son günlər REAL TV və APA İnformasiya Agentliyinin əməkdaşlarının peşə fəaliyyətlərini həyata keçirərkən təzyiq və zorakı müdaxilələrlə üzləşməsinə münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, İctimai Birlik media nümayəndələrinə qarşı hər hansı formada zorakılıq, təzyiq və fiziki maneə törədilməsini qətiyyətlə pisləyib.
Açıqlamada qeyd olunub ki, jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilələr söz və mətbuat azadlığına, eləcə də media əməkdaşlarının təhlükəsizliyinə ciddi təhdid yaradır. Bildirilib ki, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi cəmiyyətin obyektiv məlumat almaq hüququnun təmin olunmasının əsas şərtlərindən biridir.
Təşkilat müvafiq qurumları baş verən insidentləri dərhal və obyektiv araşdırmağa, jurnalistlərin təhlükəsizliyini təmin etməyə və qanunsuz hərəkətlərə yol verən şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.
İctimai Birlik həmçinin jurnalistlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcəyini və bu cür halların qarşısının alınması üçün təsirli tədbirlərin görülməsini tələb etdiyini vurğulayıb.











































