Kart köçürmələrində yeni məhdudiyyət: İnsanlar yenidən nağd pula qayıdacaq?

Kart köçürmələrində yeni məhdudiyyət: İnsanlar yenidən nağd pula qayıdacaq?
SOSİAL
11:24 03.08.2026
259
Xəbər verdiyimiz kimi, Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit tətbiq olunur.

Belə ki, avqustun 1-dən qüvvəyə minən qərara əsasən, kart sahibləri artıq gün ərzində 5 dəfə, aylıq isə ümumilikdə 20 min manat həcmində kartdan-karta pul köçürməsi edə biləcəklər. Bununla yanaşı, vətəndaşların öz hesabları arasında həyata keçirdikləri əməliyyatlar bu limitə şamil edilmir.

Qeyd edək ki, bu qərara qədər Azərbaycanda kartdan-karta köçürmələrin sayına dair hər hansı limit mövcud deyildi.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu qərarın tətbiqi həm vətəndaşların gündəlik ödəniş vərdişlərinə, həm də nağdsız hesablaşmalara mənfi təsir göstərə bilər.

"Belə məhdudiyyətlərin tətbiq olunması harada görülüb? Dünyada buna bənzər bir nümunə varmı? Belə qərarlar qəbul edilərkən hansısa nümunə göstərilibmi? Məncə, yoxdur. Mən bir qədər araşdırdım, amma belə məhdudiyyətlərin tətbiq olunduğunu görmədim. Əksinə, bu qərar nağd ödənişləri və pulların nağdlaşdırılmasını sürətləndirəcək. İnsanlar indiyədək kartlarında rahat şəkildə pul saxlayır, heç bir problem olmadan kartdan-karta köçürmə edirdilər. Mənim özümün də gün ərzində elə olur ki, yoldaşıma və ya uşağıma pul köçürürəm ki, gedib alış-veriş etsinlər".


İqtisadçı hesab edir ki, bu cür məhdudiyyətlər gözlənilən nəticəni verməyəcək və əks təsir yaradacaq:

"Ümumiyyətlə, istənilən məhdudiyyətin alternativi olur. Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu, qeyri-qanuni əməliyyatların və ya müəyyən dərəcədə vergidən yayınmanın qarşısını alacaq, əks effekt verəcək. İnsanlar sadəcə nağd pula keçəcəklər. Yəni kartda pul saxlamaq əvəzinə onu bankomatdan nağdlaşdırıb ciblərində saxlayacaqlar. Bu isə bizi köhnə vəziyyətə qaytaracaq. Belə məhdudlaşdırıcı addımlarla vergi və digər problemləri həll etmək mümkün deyil".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR