Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyini satmaq istəyən şəxsin 6000 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəmə gəlib.
Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağır olduğunu bildirib. O, böyrəyini məhz maddi çətinlik səbəbindən satmaq istədiyini əsas gətirərək cəriməni necə ödəyəcəyini də sual edib.
Maraqlıdır, Azərbaycanda insan orqanlarının, o cümlədən böyrəyin satılması hansı hüquqi əsasla qadağan edilir? Belə hal hansı məsuliyyətə səbəb ola bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən vəkil, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının İdarə Heyətinin üzvü Roman Qaraşov bildirib ki, Azərbaycanda insan orqanlarının alqı-satqısı qanunvericiliklə qadağan edilir:
"Azərbaycanda insan orqanlarının, o cümlədən böyrəyin maddi qarşılıq müqabilində alqı-satqısı qanunvericiliklə birmənalı şəkildə qadağan edilir. Bu qadağanın əsas normativ bazası "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsidir. Həmin normaya əsasən, donor orqanların alqı-satqısına və bu məqsədlə reklam fəaliyyətinə yol verilmir. Qanunvericinin bu yanaşması insan orqanının kommersiya dövriyyəsinin predmeti kimi qiymətləndirilməsini istisna edir. Yəni insan orqanı alınıb-satılan adi əmlak hesab edilə bilməz. Donorluq yalnız qanunla müəyyən edilmiş tibbi, etik və hüquqi prosedurlar çərçivəsində həyata keçirilə bilər”.
Vəkil qeyd edib ki, insan orqanlarının alqı-satqısı ilə
bağlı qanun pozuntusuna görə cinayət məsuliyyəti də nəzərdə tutulur:
"Bu qadağanın pozulmasına görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsində nəzərdə tutulub. Məcəllənin 137.1-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı 6 min manatdan 9 min manatadək cərimə, 2 ilədək müddətə islah işləri və ya müəyyən vəzifə tutma, yaxud müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bu baxımdan, mediada qeyd olunan 6 min manat cərimə Cinayət Məcəlləsinin 137.1-ci maddəsində müəyyən edilmiş cərimənin aşağı həddinə uyğundur”.
R.Qaraşov bildirib ki, qanunvericilikdə orqan alqı-satqısı ilə bağlı digər hallar üçün də məsuliyyət müəyyən edilir:
"137-ci maddənin digər hissələri qanunsuz transplantasiya, şəxsin razılığı olmadan orqanın götürülməsi, buna məcburetmə, qanunla donor olması qadağan edilən şəxslərdən orqan götürülməsi, habelə bu əməllərin ağırlaşdırıcı hallarda törədilməsi ilə bağlı ayrıca məsuliyyət müəyyən edir”.
Vəkil vurğulayıb ki, şəxsin sadəcə böyrəyini satmaq istədiyini bildirməsi ilə orqanın alqı-satqısına yönəlmiş konkret hərəkətlər etməsi eyni hüquqi nəticə doğurmur:
"Burada mühüm hüquqi məqam ondan ibarətdir ki, şəxsin sadəcə "böyrəyimi satmaq istəyirəm” deməsi ilə faktiki olaraq orqanın alqı-satqısına yönəlmiş hərəkətlər etməsi eyni hüquqi nəticə doğurmur. Cinayət hüququnda məsuliyyət konkret əmələ və həmin əməlin qanunda nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğun olub-olmamasına əsasən müəyyən edilir. Əgər alqı-satqı başa çatmayıbsa, lakin onun həyata keçirilməsinə bilavasitə yönəlmiş real hərəkətlər edilibsə, bu hal cinayətə cəhd kimi ayrıca hüquqi qiymətləndirilə bilər”.
Ekspert hesab edir ki, bu səbəbdən hadisəni "böyrəyini satmaq istədiyinə görə cərimələndi” kimi təqdim etmək hüquqi baxımdan tam dəqiq olmaya bilər:
"Media dilində "böyrəyini satmaq istədiyinə görə cərimələndi” ifadəsi hüquqi baxımdan bir qədər sadələşdirilmiş yanaşmadır. Daha dəqiq ifadə ondan ibarətdir ki, şəxsin böyrəyin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərinə hüquqi qiymət verilib və cinayət məsuliyyəti tətbiq olunub. Qanun könüllü və əvəzsiz donorluğu qadağan etmir. Qadağan edilən insan orqanının maddi mənfəət və alqı-satqı predmetinə çevrilməsidir”.
Fəridə Əsədzadə











































