"Qarabağla yanaşı, bütün Azərbaycanın təbiətini qoruyub inkişaf etdirməliyik”

SOSİAL
16:41 15.09.2021
1183
Bizi əhatə edən təbiət bizim yaşamımız üçün ən öndə prioritetlərdən birincisidir. Canlı və cansız varlıqlardan ibarət olan təbiətimizin qorunması düşünən canlı varlıqların, yəni insanların öhdəsindədir. Ətraf mühitin qorunması, onun mühafizəsi insanların borucudur. Çünki təbiət yoxdursa, varlıqlar, yaşam yoxdur deməkdir. Təəssüflər olsun ki, ekologiyanın, ətraf mühitin qorunması hər kəs tərəfindən eyni tərzdə aparılmır. Bəziləri nəinki təbiəti qorumamaq, hətta onun çirklənməsinə vəsilə olurlar. Su hövzələrinin süni yolla çirkləndirilməsi, meşələrin, ağacların qırılması təbiətə vurulan ən amansız ziyanlardandır.

Azərbaycan təbiəti də zəngin flora və faunasi ilə seçilir. Nəzərə alsaq ki, "bağa baxarsan bağ olar, baxmazsan dağ olar" ifadəsi təbiət üçün keçərlidir, o zaman deyə bilərik ki, özümüz üçün lazım olan təbiətimizə də elə özümüz baxmalı, onu hər zaman qorumalıyıq.

Ümumiyyətlə, ekoloji problemlər bütün dünyanı narahat edən məsələlərdəndir. Ekoloji problemlərin aradan qaldırılması üçün bu sahədə hər bir ölkədə ciddi işlərin görülməsi vacibdir ki, əksər ölkələr buna biganə yanaşmır. Torpaqların deqradasiyasının, səhralaşmanın qarşısının alınması, iqlim dəyişikliyindən qorunması məqsədi ilə dünya ölkələrində fermerlər və yerli icmalar arasında dayanıqlı kənd təsərrüfatı, torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə dair maarifləndirmə işləri aparılır. Həmçinin, bir çox ölkələrdə quraqlıqdan erkən xəbərdarlıq sistemləri qurulur, eroziyaların qarşısının alınması məqsədi ilə meşə əraziləri salınır və yaşıllaşdırma işləri aparılır. Ekologiyanın çirkələnməsi bir çox məsələlərədən yaranır. Nəqliyyat vasitələri, iri zavod və fabriklər, məişət tullantılarının təbiətə atılması bunların bir qismidir.

Azərbaycanda ekologiyanın, ətraf mühitin qorunması hər zaman ölkə başçısının diqqəti altında olub. Yaradılan dövlət təbiət qoruqlar, yasaqlıqlar bu diqqətin görünən tərəflərindən biridir. Dövlət başçısı ətraf mühitin mühafizəsini və sağlam ekoloji mühitin yaradılmasını prioritet məsələlərdən biri kimi qarşıya məqsəd qoymuşdur. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2010-cu ili Azərbaycanda "Ekologiya ili” elan etmişdir. Prezidentin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Həmin ili İlham Əliyev öz çıxışı zamanı bildirmişdi ki, Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır:

"Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Qeyd etdiyim kimi, bu istiqamətdə vacib addımlar atılıbdır, konkret proqram qəbul edilibdir. Bu gün isə mən hesab edirəm ki, biz əlavə tədbirlər haqqında danışmalıyıq. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə 2010-cu il Azərbaycanda "Ekologiya ili” elan edilmişdir. Artıq bütün cəmiyyətdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər əhali tərəfindən, ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə kampaniyası və digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirilir".

2010-cu il və ondan sonra ölkəmizdə ekologiya və ətraf mühitin yaxşılaşdırılması ilə bağlı ciddi işlər görüldü, layihələr planı həyata keçirildi. İri su hövzələrini mühafizəsi, yaşıllıqların salınması bunlara nümunədir. Prezident İlham Əliyevin iştirakı ilə dəfələrlə ağacəkmə kampaniyaları həyata keçirilib ki, bu da ölkədə yaşıllıq sahələrinin genişlənməsinə səbəb olub.

Bildiyimiz kimi, 30 ilə yaxın düşmən tapdağında qalan Qarabağ bölgəmizin təbiəti çox ciddi ekoloji zərbələrə tuş gəlib. Düşmən tərəfindən meşələrin qıırlması, su hövzələrinin çirkləndirilməsi Qarabağ təbiətinə vurulan ziyanlardandır. Eyni zamanda 44 günlük Vətən Müharibəsi də Qarabağ və ətraf bölgələrinin ekologiyasına müəyyən dərəcədə təsir gösrətib. İndi Azərbaycan bütün bu ziyanların aradan qaldırılması üçün lazımi addımları atır. Ümid edirik ki, yaxın gələcəkdə Qarabağın da təbiətini işğaldan əvvəlki dönəmdəki ki, sağlam vəziyyətə gətirəcəyik.
 


Mövzu ilə bağlı AZXEBER.COM-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Asim Mollazadə fikirlərini bildirib.

Deputat qeyd edib ki, ətraf mühitin qorunması dövlətimiz və xalqımız üçün çox mühim bir məsələdir:

"Azərbaycanın gözəl təbiətinin qorunması, ətraf mühitin qorunması dövlətimiz və xalqımız üçün çox mühim bir məsələdir. Hazırda bir sıra problemlər mövcuddur. Problemlər ölkənin su ehtiyaları ilə, iqlim dəyişikliyi ilə, Azərbaycanın yaşıllıq fonduna vurulan zərbələrlə bağlıdır. İlk növbədə mən müharibənin və Ermənistan tərəfindən düşməncəsinə Azərbaycanın Qarabağ bölgəsinə vurulan zərbələri qeyd edirəm. Lakin problemlər bununla yekunlaşmır. Çaylarımız, meşələrimiz, hər bir ağac diqqət mərkəzində olmalıdır”.

Asim Mollazadə onu da qeyd edib ki, Azərbaycanın təbiətini qorumağa xalq da səfərbər olmalıdır:

"Burada, mənə elə gəlir ki, təkcə dövlət məmurları və ya müvafiq dövlət qurumları deyil, bütün xalq bu məsələyə diqqət yetirməlidir və Azərbaycanın təbiətini qorumağa xalqın bütün gücü səfərbər olmalıdır. Bu sahədə medianın da böyük rolu var. Hər bir problemin aşkarlanaraq, onun üzərinə gedərək həllini tələb etməkdə hər bir vətəndaşın və bunu işıqlandıran medianın rolu böyükdür. Mən çox istəyərdim ki, ictimai təşkilatlar da bu sahədə öz işlərini gücləndirsinlər. Çünki Azərbaycanın unikal təbiətini qorumaq, gələcək nəsillər üçün gözəl sağlamaq, inkişaf etdirmək vacibdir. Bu sahə çox mühim bir sahədir və bu istiqamətdə işlər daha da çox olmalıdır. Qarabağla yanaşı, bütün Azərbaycanın təbiətini qoruyub inkişaf etdirməliyik”.

Deputatın da qeyd etdiyi kimi, ekologiya və ətraf mühitin qorunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil, eyni zamanda hər bir şəxsin üzərinə düşən böyük məsuliyyətlərdən biridir. Təbiətin qorunması, ona xüsusi diqqət və qayğının göstərilməsi bizim borcumuzdur. Burada uşaqdan böyüyə qədər hər kəs əlindən gələni etməlidir. Ekologiyamız nə qədər şəffaf olarsa, bizim sağlamlığımız da bir o qədər qarant altında olar.
 
Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Ekologiya və ətraf mühitin mühafizəsi; mövzusu üzrə dərc olunub.


OXŞAR XƏBƏRLƏR