Paytaxtın şimal girişində nəqliyyatın sıxlığını azaltmaq və tıxac problemini köklü şəkildə həll etmək məqsədilə yeni yol layihəsinə start verilir. Mehdiabad, Binəqədi və ətraf qəsəbələrdən şəhər mərkəzinə hərəkətin asanlaşdırılması üçün yeni avtomobil yolunun inşası planlaşdırılır. Layihə çərçivəsində ərazidə geniş söküntü işlərinin aparılması nəzərdə tutulur. Bu isə kompensasiya məbləğləri ilə bağlı suallar yaradır və yaxın ərazilərdə daşınmaz əmlak qiymətlərinə potensial təsir mövzusunu gündəmə gətirir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, həmin traektoriya üzrə yeni layihə start götürüb və yolun çəkilməsi planlaşdırılır:
"Bu ərazi daşınmaz əmlak qiymətləri baxımından bir qədər qarışıq zonadır. Yolun keçdiyi sahədə torpağın bir sotunun qiyməti ikinci və üçüncü cərgələrdə, üzərində ciddi kommersiya obyekti olmayan ərazilərdə təxminən 10–15 min manat aralığındadır. Əgər sahə birbaşa ön cərgədə yerləşirsə və kommersiya xarakteri daşıyırsa, qiymət 25–30 min manata qədər yüksəlir.
Tikililərə gəldikdə isə, bu gün bir kvadratmetrin tikinti xərcləri, rəsmi statistik göstəricilər nəzərə alınmaqla, fərdi yaşayış evləri üçün ən azı 1000–1200 manat civarındadır. Bu səbəbdən kompensasiya da həmin şəxslərin eyni tipli evi başqa ərazidə yenidən inşa edə bilməsi üçün bu səviyyədə müəyyən olunmalıdır".
Ekspert hesab edir ki, qanunvericiliyə uyğun olaraq həmin ərazilərdə qiymətləndirmə işləri fərdi qaydada aparılacaq:
"Yəni qiymətləndirici şirkətlər arasından tender və ya satınalma yolu ilə seçim edilərək hər əraziyə ayrıca yanaşma tətbiq olunmalıdır. Çünki kütləvi şəkildə eyni bazar dəyəri ilə kompensasiya müəyyən etmək, fərqli xüsusiyyətlərə malik ərazilər olduğu üçün çətindir və bu, fərdi yanaşmanı daha da aktuallaşdırır.
Təbii ki, yol çəkildikdən sonra yolkənarı ərazilər, xüsusilə birinci cərgədə yerləşən torpaqlar öz dəyərini təxminən ən azı 20–25 faiz artıracaq. Çünki yeni yol həm kommersiya cazibədarlığını, həm də investisiya imkanlarını gücləndirir. Eyni zamanda, məsafələrin qısalması və həmin ərazidə ticarət imkanlarının genişlənməsi də bu artımı daha da sürətləndirir", - deyə o qeyd edib.











































